KİV: Ermənistanda ali təhsil sistemi siyasiləşdirilib
Ermənistanda hakimiyyətin dövlət institutları ilə yanaşı ali təhsil sistemini də siyasiləşdirdiyi iddia edilir.
Crossmedia.az xəbər verir ki, "Past" qəzeti bu barədə məqalə yayıb.
Nəşr yazır ki, Ermənistanda dövlət idarəetmə sistemi, hüquq-mühafizə orqanları, istintaq strukturları və məhkəmə hakimiyyəti kimi, ali təhsil müəssisələri də hakim "Vətəndaş Müqaviləsi" Partiyasının maraqlarına xidmət edən qurumlara çevrilib.
Məqalədə xüsusilə İrəvan Dövlət Universitetinin fəaliyyəti tənqid olunur. Bildirilir ki, universitet rəhbərliyi uzun illər çalışan bir sıra müəllimlərlə əmək müqavilələrini birtərəfli qaydada və əsaslandırma təqdim etmədən ləğv edib.
Söhbət siyasi elmlər doktoru, professor Xaçik Qalstyan, siyasi elmlər namizədi, dosent Alen Gevondyan və hüquq elmləri namizədi, dosent Ruben Melikyandan gedir. Məqalədə həmçinin Xarici ədəbiyyat kafedrasının bağlanması da qeyd olunur.
"Past" iddia edir ki, sözügedən qərarlar əsasən siyasi motivlərlə qəbul edilib. Nəşrin fikrincə, işdən uzaqlaşdırılan müəllimlər ya müxalif mövqedə olduqları, ya hakimiyyəti açıq tənqid etdikləri, ya da hüquq müdafiə fəaliyyəti ilə məşğul olduqları üçün təzyiqlərlə üzləşiblər.
Məqalədə vurğulanır ki, universitet rəhbərliyi hakimiyyətin siyasi xəttindən kənara çıxmaq istəmir və bunun nəticəsində təhsilin keyfiyyətinin aşağı düşməsi, təcrübəli müəllimlərin universitetdən uzaqlaşdırılması riski yaranır.
Qeyd edək ki, məqalədə səsləndirilən iddialar "Past" qəzetinə məxsusdur və İrəvan Dövlət Universiteti və ya Ermənistan rəsmilərinin bununla bağlı mövqeyi təqdim olunmayıb.
12:34 11.07.2026
Oxunuş sayı: 71