Paşinyan iki sabiq deputatı məhkəməyə verib
Ermənistanın Baş naziri Nikol Paşinyan sabiq deputatlar Sofiya Ovsepyan və Edmond Marukyana qarşı təhqir və böhtan xarakterli ifadələrə görə məhkəmə iddiaları qaldırıb.
Crossmedia.az xəbər verir ki, "Hetq" bu barədə məlumat yayıb.
Məlumata görə, Paşinyan hər iki sabiq deputatdan ictimai üzr istənilməsini, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini və mənəvi ziyana görə pul kompensasiyası ödənilməsini tələb edir.
İddiaya əsasən, Sofiya Ovsepyan məhkəmə qərarı qüvvəyə mindikdən sonra beş iş günü ərzində "Hraparak" saytında və özünün "Facebook" səhifəsində Baş nazirdən ictimai şəkildə üzr istəməlidir. O, 9 iyun 2026-cı ildə dərc olunan məqalədə Nikol Paşinyanı təhqir edən ifadələr işlətməkdə ittiham olunur.
Bundan əlavə, Ovsepyandan Paşinyanın seçkilərin nəticələrini əvvəlcədən bildiyi, onları saxtalaşdırdığı və seçki nəticələrini "çəkdiyi" barədə səsləndirdiyi fikirləri təkzib etməsi tələb olunur. Baş nazir bu iddiaların böhtan olduğunu bildirir.
Paşinyan həmçinin Sofiya Ovsepyandan təhqirə görə 2 milyon dram, böhtana görə isə 4 milyon dram məbləğində mənəvi ziyanın ödənilməsini tələb edir.
Məlumata görə, sabiq deputat Edmond Marukyan da "Facebook" paylaşımında Nikol Paşinyanı seçki saxtakarlığında ittiham edib. Baş nazir bunu təhqir hesab edərək ona qarşı da məhkəmə iddiası qaldırıb. Lakin Marukyana qarşı iddianın tam məzmunu hələlik açıqlanmayıb.
Bildirilir ki, Nikol Paşinyan iyulun 9-da Sofiya Ovsepyana qarşı Şirak vilayətinin məhkəməsinə, Edmond Marukyana qarşı isə İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinə müraciət edib. Hələlik iddiaların icraata qəbul edilməsi ilə bağlı qərar verilməyib.
12:09 11.07.2026
Oxunuş sayı: 54