Ermənistanda istehsalçılar üsyan edir: Bizi aldadıblar
Ermənistanda fəaliyyət göstərən istixana sahiblərinin hakimiyyət dairələrindən təzyiqlə üzləşdikləri iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, gül yetişdirən istixana sahiblərindən biri bildirib ki, onlara Avropa bazarına ixracla bağlı narazılıqlarını ictimai şəkildə dilə gətirməmələri, müsahibə verməmələri və Avropa bazarının Rusiya bazarını əvəz etmədiyini açıqlamamaları barədə xəbərdarlıq edilib. İddiaya əsasən, əks halda Avropa bazarına çıxış imkanlarının tamamilə bağlanacağı ilə hədələniblər.
Mənbənin sözlərinə görə, bu səbəbdən bəzi istixana sahibləri Avropaya uğurlu ixrac həyata keçirdiklərini desələr də, əslində hələlik genişmiqyaslı ixrac baş tutmayıb. Bildirilir ki, indiyədək yalnız bir neçə Avropa ölkəsinə sınaq məqsədilə nümunələr göndərilib.
"Hraparak"ın həmsöhbəti əlavə edib ki, istehsalçılar uzun müddət Avropa İttifaqı bazarına çıxacaqlarına ümid etsələr də, artıq aldadıldıqlarını düşündükləri üçün susmaq niyyətində olmadıqlarını bildiriblər.
11:53 11.07.2026
Oxunuş sayı: 51