Altıncı "Yüksəliş" müsabiqəsində 130 nəfər finala vəsiqə qazanıb
Altıncı "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlanıb, yarımfinalda iştirak edən 326 namizəddən 130-u final mərhələsinə vəsiqə qazanıb.
Crossmedia.az xəbər verir ki, final mərhələsinə vəsiqə qazanan iştirakçıların 104-ü kişi, 26-sı qadındır.
Yaş qrupları üzrə təhlilə əsasən, finalçıların əksəriyyəti 21-30 yaş aralığındadır. Belə ki, final mərhələsinə keçənlərdən 64 nəfəri 21-30, 63 nəfər 31-40, 3 nəfər isə 41-51 yaş qrupunu təmsil edir.
İqtisadi rayonlar üzrə göstəricilərdə Bakı şəhəri üstünlük təşkil edir. Paytaxtdan 77 namizəd final mərhələsinə yüksəlib. Şərqi Zəngəzur iqtisadi rayonundan 8, Abşeron-Xızı və Şirvan-Salyan iqtisadi rayonlarının hər birindən 7, Şəki-Zaqatala iqtisadi rayonundan isə 6 nəfər finalçı adını qazanıb.
Təhsil göstəricilərinə görə, bakalavriat səviyyəsində uğur qazanan iştirakçılar əsasən Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ADA Universitetinin məzunlarıdır.
Magistratura səviyyəsində finalçılar arasında Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Mühəndislik Universitetinin məzunları üstünlük təşkil edir.
Doktorantura (aspirantura) səviyyəsində isə Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin məzunları ön sıralardadır.
Bakalavriat səviyyəsi üzrə finala yüksələn 121 iştirakçı ali təhsilini Azərbaycanda, 9 nəfər isə xaricdə alıb.
Magistratura təhsili alan 104 iştirakçıdan 61-i təhsilini Azərbaycanda, 27-si xaricdə, 16-sı isə həm Azərbaycanda, həm də xaricdə davam etdirib.
Doktorantura (aspirantura) səviyyəsində təhsil alan 14 iştirakçıdan 12-si Azərbaycanda, 2-si isə xaricdə təhsil alıb.
Fəaliyyət sahələri üzrə bölgüyə əsasən, finalçıların 48,73 faizi özəl sektoru, 47,47 faizi dövlət sektorunu, 1,90 faizi qeyri-hökumət təşkilatlarını, 1,90 faizi isə beynəlxalq qurumları təmsil edir.
Qeyd edək ki, müsabiqənin final mərhələsi iyulun 17-19-da keçiriləcək.
15:59 10.07.2026
Oxunuş sayı: 41