Rusiyanın enerji infrastrukturu üçün yeni risk: Ukrayna dronları Sibirə çatdı
Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatları artıq Sibirdəki hədəfləri vurmaq imkanına malikdir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin yazdığına görə, Omsk şəhərində yerləşən ən iri neft emalı zavodlarından birinə endirilən zərbədən sonra artıq Rusiyanın təkcə Avropa hissəsi deyil, Qərbi Sibirdəki strateji obyektlər də risk altına düşüb.
Məlumata əsasən, yeni Ukrayna dronları 3400 kilometrədək məsafədə yerləşən hədəfləri vurmaq imkanına malikdir. Bu isə Qərbi Sibirin neft-qaz infrastrukturu, boru kəmərləri, hərbi zavodlar və digər strateji obyektlərin mühafizəsini daha da çətinləşdirir.
"The Wall Street Journal" bildirir ki, Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələr artıq yanacaq çatışmazlığına, yanacaqdoldurma məntəqələrində növbələrin yaranmasına və tədarük problemlərinə səbəb olub.
Nəşrin məlumatına görə, Ukrayna və Qərb rəsmiləri Rusiya iqtisadiyyatına artan təzyiqin nəticə etibarilə Moskvanı müharibəni dayandırmağa sövq edəcəyinə ümid edirlər.
11:08 10.07.2026
Oxunuş sayı: 56