İzmirdə Mikayıl Müşfiqin xatirəsi anılıb
İzmirdə Azərbaycan şairi Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət elçisi, sənətçi Roza İbadova Kocamaz, musiqiçilər Əli Poladzadə və Sərvər Həsənov iştirak ediblər. Sənətçilər şairin məşhur “Oxu, tar” əsəri əsasında hazırlanan kompozisiyanı təqdim edərək tamaşaçıların böyük sevgisi və alqışları ilə qarşılanıblar.
Proqram çərçivəsində Mikayıl Müşfiqin bir çox şeirləri səsləndirilib, şairin yaradıcılığı və Azərbaycan ədəbiyyatındakı yeri haqqında məlumat verilib.
Tədbirdə çıxış edən Sənət Dəyirmanı platformasının rəhbəri Aygün Eroğlu, Nadirə Özsu, həmçinin Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini və İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Eşref Tuna Mikayıl Müşfiqin zəngin ədəbi irsindən, Azərbaycan-Türkiyə mədəni əlaqələrinin əhəmiyyətindən danışıblar.
Mərasim Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Alsancak Kültür Sanat Fabrikası Muzey Müdirliyində reallaşıb.
Sonda iştirakçılara təşəkkürnamə və sertifikatlar təqdim olunub.
Anım mərasimi Azərbaycan ədəbiyyatının tanıdılması və iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyıb.
19:29 09.07.2026
Oxunuş sayı: 14