Qanun yeniləndi - turizm sektorunda əsaslı dəyişikliklər olacaq
“Turizm haqqında” qanun son illərdə ölkədə turizm sektorunun inkişafına mühüm töhfə versə də, mövcud reallıqlar onun təkmilləşdirilməsini zəruri edir. Mütəxəssislərin qiymətləndirməsinə görə, son dövrdə turizm sahəsində baş verən dəyişikliklər və yeni çağırışlar qanunvericiliyin yenilənməsini aktuallaşdırıb. Gözlənilir ki, Dövlət Proqramı təsdiqləndikdən sonra proqramda nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə “Turizm haqqında” qanuna müvafiq dəyişikliklər ediləcək. Xatırladaq ki, 2018-ci ildən etibarən Azərbaycanda dayanıqlı və rəqabətqabiliyyətli turizm ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl islahatlar aparılır. Bu çərçivədə yeni turizm qanunu, standartlaşdırma sistemi, hotellərin ulduz təsnifatı, hotel assosiasiyası və tur bələdçilərinin sertifikatlaşdırılması mexanizmləri tətbiq olunub.
Turizm eksperti Əziz Şiriyev Crossmedia.az-a açıqlamasında bildirib ki, əvvəllər turizm şirkəti yaratmaq üçün lisenziya tələb olunurdu və bunun üçün 5 500 manat dövlət rüsumu ödənilirdi: "Bundan əlavə, uyğunluq sertifikatı və assosiasiya üzvlüyü kimi tələblər mövcud idi ki, nəticədə bir şirkətin fəaliyyətə başlaması üçün təxminən 10 min manat vəsait lazım olurdu. Hazırda isə "ASAN xidmət" vasitəsilə cüzi məbləğ ödəməklə turizm şirkəti yaratmaq mümkündür".

Ekspert qeyd edib ki, lisenziyanın ləğv edilməsində məqsəd sağlam rəqabət mühitini formalaşdırmaq idi: "Lakin bəzi şəxslər bundan fərqli məqsədlər üçün istifadə ediblər. Dünyada da əvvəlcə sahənin inkişafı üçün azadlıq yaradılır, daha sonra isə yaranan ehtiyaclara uyğun qaydalar formalaşdırılır. Hazırda Azərbaycanda da bu proses gedir. Turizm şirkətlərinin fəaliyyətini tənzimləyən müəyyən prosedurlar hazırlanmalı, qiymətlərə nəzarət mexanizmi qurulmalı və xidmət keyfiyyətinin yüksəldilməsi üçün yeni qaydalar tətbiq edilməlidir. Qanunvericilikdə hələ də müəyyən boşluqlar var. Xaricdə Azərbaycanı təmsil edən turizm şirkətləri üçün güzəştlərin tətbiqi, dövlətlə özəl sektor arasında əməkdaşlığın daha da gücləndirilməsi, yeni turizm marşrutlarının və brendlərinin yaradılması gələcək inkişaf üçün vacib istiqamətlərdəndir".
Zeynəb Həsən
20:50 09.07.2026
Oxunuş sayı: 55