Polşada yaşayan soydaşlarımız üçün yeni inkişaf imkanları
Krakov Azərbaycan Evində Polşada yaşayan azərbaycanlıların dil bacarıqlarının inkişaf etdirilməsi, sosial inteqrasiyasının gücləndirilməsi və onların cəmiyyətin ictimai həyatında daha fəal iştirakının təşviqi məqsədilə təşkil olunan Polşa dili kursları davam edir.
Crossmedia.az xəbər verir ki, kurslar zamanı iştirakçılara Polşa dilini daha səmərəli mənimsəmək, gündəlik ünsiyyətdə ondan sərbəst istifadə etmək, təhsil və əmək bazarında qarşılaşdıqları dil maneələrini aradan qaldırmaq, eləcə də Polşa cəmiyyətinə daha rahat inteqrasiya olmaq üçün zəruri bilik və bacarıqlar aşılanır. Bununla yanaşı, kurslar müxtəlif yaş qruplarından olan soydaşlarımızın şəxsi və peşəkar inkişafına, yeni imkanlardan yararlanmasına və yerli cəmiyyətlə daha möhkəm əlaqələr qurmasına töhfə verir.
Dərslər hər həftənin bazar ertəsi və cümə axşamı günləri peşəkar müəllimin rəhbərliyi ilə interaktiv formatda keçirilir. Tədris proqramı Polşa dilinin qrammatikasının öyrənilməsi, lüğət ehtiyatının zənginləşdirilməsi, danışıq və dinləmə bacarıqlarının inkişaf etdirilməsi, oxu və yazı vərdişlərinin formalaşdırılması, həmçinin gündəlik həyat və iş mühitində istifadə olunan praktik dil bacarıqlarının mənimsənilməsini əhatə edir.
Kurslarda iştirak etmək istəyən soydaşlarımız [email protected] elektron poçt ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, 2024-cü ilin fevral ayında fəaliyyətə başlayan Krakov Azərbaycan Evi Polşada yaşayan azərbaycanlı icmasının maarifləndirilməsi, təhsil imkanlarının genişləndirilməsi və milli-mədəni irsin qorunması istiqamətində müxtəlif layihə və proqramlar həyata keçirir.
12:56 09.07.2026
Oxunuş sayı: 54