İxtisas seçərkən bu səhvi etməyin! – Ekspertdən vacib məsləhətlər
Ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas seçimi mərhələsinin yaxınlaşması minlərlə abituriyent və valideyn üçün ən məsuliyyətli dövr hesab olunur. İllərlə hazırlaşdıqları imtahanın nəticələrini əldə edən gənclər indi gələcək karyeralarını müəyyən edəcək seçim qarşısındadırlar. Mütəxəssislər hesab edirlər ki, bu mərhələdə yalnız topladığı bala uyğun ixtisas seçmək düzgün yanaşma deyil. Əmək bazarının tələbləri, gələcəyin peşələri, şəxsi maraq və bacarıqlar da qərarvermə prosesində əsas rol oynamalıdır. Əks halda, məzun olduqdan sonra iş tapmaqda çətinliklə üzləşmək riski arta bilər.
Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Əmrah Həsənli Crossmedia.az-a açıqlamasında bildirib ki, ixtisas seçimi universitetə qəbul olmaqdan daha çox, gəncin gələcək həyat yolunu müəyyən edən strateji qərardır.

Onun sözlərinə görə, hazırda həm Azərbaycanda, həm də dünyada əmək bazarı sürətlə dəyişir və yeni texnologiyalar bir çox peşələrə olan tələbatı yenidən formalaşdırır:
“Rəqəmsallaşma, süni intellekt, yaşıl iqtisadiyyat və texnoloji inkişaf yeni peşələr yaradır, bəzi ənənəvi peşələrin isə aktuallığını azaldır. Gələcəkdə daha çox tələbat görəcək sahələr sırasında informasiya texnologiyaları, proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik, data analitikası, mühəndislik istiqamətləri, enerji, logistika, səhiyyə, xüsusi təhsil, məktəbəqədər təhsil və peşə təhsili ilə bağlı ixtisaslar xüsusi yer tutur. Bu sahələrdə həm ölkə daxilində, həm də beynəlxalq əmək bazarında ciddi kadr ehtiyacı hiss olunur”.
Ekspert qeyd edib ki, bəzi ixtisaslar üzrə isə artıq əmək bazarında müəyyən doymalar müşahidə olunur.
“Bu, həmin ixtisasların perspektivsiz olduğu anlamına gəlmir. Sadəcə, bəzi idarəetmə, hüquq, iqtisadiyyat və ümumi biznes istiqamətlərində rəqabət daha yüksəkdir. Çünki əmək bazarı artıq təkcə diplom deyil, konkret bacarıq, xarici dil bilikləri, rəqəmsal kompetensiyalar və praktik təcrübə tələb edir”.
Ə. Həsənli vurğulayıb ki, gənclər yalnız populyar hesab olunan ixtisaslara üstünlük verməməlidirlər.
“Əgər gəncin marağı, bacarığı və potensialı seçdiyi sahə ilə üst-üstə düşmürsə, o, həmin sahədə uğur qazana bilməyəcək. Bu gün əmək bazarı diplomdan daha çox peşəkarlığı və bacarığı qiymətləndirir”.
Ekspertin sözlərinə görə, ixtisas seçərkən üç əsas meyar nəzərə alınmalıdır: şəxsi maraq və istedadın düzgün qiymətləndirilməsi, əmək bazarının indiki və gələcək tələblərinin araşdırılması, həmçinin seçilən ixtisasın uzunmüddətli inkişaf imkanları təqdim edib-etməməsi.
O, sonda abituriyentlərə çağırış edərək bildirib ki, ixtisas seçimi dəbə və ya başqalarının seçiminə uyğun deyil, düşünülmüş və gələcəyə hesablanmış qərar əsasında edilməlidir.
“Gələcəyin əmək bazarında ən çox tələb görəcək insanlar müəyyən bir diplomu olanlar deyil, dəyişən dünyaya uyğunlaşa bilən, yeni bacarıqlar öyrənən və özünü daim inkişaf etdirən mütəxəssislər olacaq”.
Təhminə Abdulrəhimova
13:50 07.07.2026
Oxunuş sayı: 27