"Bəzi kitablar son səhifədə bitmir.." – Taleh Qurbanov yeni kitabının yazılma səbəbindən danışdı
Azərbaycan Respublikasının Sloveniya Respublikasındakı diaspor rəhbəri və Sloveniyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının prezidenti Taleh Qurbanov yeni işıq üzü görəcək "Yağışdan Sonra Günəş" kitabının ərsəyə gəlmə hekayəsindən danışıb.

Taleh Qurbanov Crossmedia.az-a açıqlamasında bildirib ki, bəzən insanın həyatını dəyişən böyük hadisələr olmur. Bəzən hər şey bir cümlə, bir görüş və ya bir kitabla başlayır. Məhz belə anlar insanın taleyində yeni bir yol aça bilir.
O qeyd edib ki, kitabı yazmaqda məqsədi sadəcə bir hekayə danışmaq olmayıb. İnsanının daxilində baş verən səssiz mübarizəni, görünməyən ağrıları, itirilmiş ümidləri və yenidən ayağa qalxmaq gücünü sözlərlə ifadə etmək istədiyini vurğulayıb.
Müəllif son illərdə cəmiyyətdə baş verən özünəqəsd hadisələrinin onu dərindən sarsıtdığını bildirib. Onun sözlərinə görə, hər dəfə belə bir xəbərlə qarşılaşanda düşünürdü ki, bəlkə həmin insan son anda onu anlayacaq biri, ona əl uzadacaq bir fikir və ya qəlbinə işıq salacaq bir ümid tapa bilməyib. Xüsusilə gənc bir qızın faciəvi şəkildə həyatına son qoymasının onu uzun müddət düşündürdüyünü qeyd edən Qurbanov, həmin hadisədən sonra illərlə ürəyində daşıdığı düşüncələri kağıza köçürməyin vaxtının çatdığını hiss etdiyini deyib.
O vurğulayıb ki, "Yağışdan Sonra Günəş" ilk baxışda bir gənclə yaşlı kitab satıcısının söhbətlərindən bəhs etsə də, əslində bu dialoqlar hər birimizin öz vicdanı, qorxuları, xəyalları, peşmanlıqları və ümidləri ilə etdiyi daxili dialoqdur.
Taleh Qurbanovun sözlərinə görə, kitabın hər səhifəsində həyatın mənasını axtaran bir insanın səmimi düşüncələri yaşayır. Yazdıqlarının yaşadıqlarından, itirdiklərindən, qazandıqlarından, müşahidələrindən və həyatın ona öyrətdiyi dərslərdən süzülüb gəldiyini bildirib. Buna görə də bu kitabın onun üçün sadəcə bir əsər deyil, ruhunun bir parçası olduğunu qeyd edib.
Müəllif hesab edir ki, ən güclü yağışdan sonra günəş yenidən doğduğu kimi, insan da həyatın ən ağır sınaqlarından sonra yenidən ayağa qalxa bilər. Bunun üçün isə ən vacib şərt ümidini itirməməkdir.
O bildirib ki, ən böyük arzusu kitabın çətin günlər keçirən insanlara tək olmadıqlarını hiss etdirməsi, onlara yaşamağı, mübarizə aparmağı və sabaha inanmağı aşılamasıdır. Taleh Qurbanov qeyd edib ki, əgər bu kitabı oxuyan insanlardan cəmi biri belə həyatına başqa gözlə baxarsa və ümidsizlikdən ümidə doğru bir addım atarsa, bütün zəhmətinin qarşılığını almış hesab edəcək.
Müəllif, həmçinin kitabın ərsəyə gəlməsində peşəkarlığı və böyük əməyi olan redaktoru Samir Buluta təşəkkürünü bildirib. O, əsərin oxuculara çatdırılmasına göstərilən dəstəyə görə Alatoran Nəşriyyatına da minnətdarlığını ifadə edib.
Sonda Taleh Qurbanov ümid etdiyini bildirib ki, oxucular kitabı bağladıqları gün hekayə bitməyəcək. Əksinə, həmin gün özləri ilə yeni bir söhbət başlayacaq. Onun sözlərinə görə, bəzi kitablar son səhifədə bitmir, insanın qəlbində yaşayır, düşüncələrində böyüyür və həyat yolunda səssiz bir yol yoldaşına çevrilir.
10:24 07.07.2026
Oxunuş sayı: 75