Böyük Britaniyadakı Azərbaycan və türk diasporuna ağır itki üz verib
Böyük Britaniyadakı Azərbaycan və türk icmasına ağır itki üz verib. Londonda fəaliyyət göstərən “Azərbaycan Evi, Mədəniyyət və Dostluq Mərkəzi”nin təsisçisi, diaspor fəaliyyətinə əvəzsiz töhfələr verən Əli Təkin Atalar haqq dünyasına qovuşub.
Bu barədə Crossmedia.az-a Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat vedrilib.
Əli Təkin Atalar Türkiyənin Qars vilayətində anadan olub. Cərrahpaşa Universitetinin Tibb fakültəsini bitirdikdən sonra 1974-cü ildə ümumi cərrahlıq sahəsi üzrə ixtisasını artırmaq məqsədilə Böyük Britaniyanın London şəhərinə yollanıb və sonrakı həyatını burada tibb sahəsinə, həmçinin ictimai fəaliyyətə həsr edib. O, peşəkar cərrah kimi qazandığı uğurlarla yanaşı, Azərbaycan və türk icmalarının birliyi, həmrəyliyi və təşkilatlanması istiqamətində göstərdiyi xidmətlərlə, eyni zamanda xeyriyyəçilik fəaliyyəti ilə böyük hörmət qazanıb.
Əli Təkin Atalar uzun illər ərzində Böyük Britaniyada Azərbaycan həqiqətlərinin təbliği, milli-mədəni irsin qorunması və diaspor fəaliyyətinin gücləndirilməsi istiqamətində yorulmadan çalışıb.
Bu illər ərzində “Azərbaycan Evi, Mədəniyyət və Dostluq Mərkəzi” Azərbaycan və türk icmalarının bir araya gəldiyi mühüm mədəni platformaya çevrilib. Mərkəzdə mütəmadi olaraq elmi və mədəni tədbirlər, seminarlar, konfranslar, film nümayişləri, kitab təqdimatları və müxtəlif maarifləndirici layihələr təşkil olunaraq milli-mənəvi dəyərlərin təbliği, Azərbaycan mədəniyyətinin tanıdılması və diaspor nümayəndələrinin birliyi istiqamətində əhəmiyyətli işlər görülüb.
Əli Təkin Ataların Azərbaycan və türk diasporları arasında əməkdaşlığın möhkəmləndirilməsinə, icmalaşma və şəbəkələşmə proseslərinin inkişafına verdiyi töhfələri dövlətimiz yüksək qiymətləndirilib. O, Böyük Britaniyada diaspor fəaliyyəti və xalqlar arasında dostluğun möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalına, diaspor sahəsində göstərdiyi xidmətlərə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalına layiq görülüb.
Əli Təkin Ataların vəfatı Azərbaycan diasporu üçün böyük itkidir. Onun əziz xatirəsi, xalqımıza və diaspor hərəkatına göstərdiyi xidmətlər daim ehtiramla yad ediləcək.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Əli Təkin Ataların vəfatından kədərlənir, mərhumun ailəsinə və icma üzvlərinə dərin hüznlə başsağlığı verir.
15:37 04.07.2026
Oxunuş sayı: 50