Erməni məsələsi Azərbaycan coğrafiyasından kənara çıxarıldı: Rəsmi Bakı bir həmlə ilə bütün oyunları pozdu
Cənubi Qafqazın onilliklər boyu davam edən geosiyasi mənzərəsini kökündən dəyişən və bölgədə tamamilə yeni bir nizamın əsasını qoyan tarixi zəfər, sadəcə ərazi bütövlüyünün bərpası deyil, həm də qlobal güclərin region üzərindəki monopoliyasına vurulan ən sarsıdıcı zərbə oldu. Azərbaycan Preziden İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən strategiyası sayəsində, imperiya iddialı xarici dairələrin Cənubi Qafqazı zəiflətmə mexanizmlərini darmadağın edərək, prosesləri vasitəçisiz və birbaşa sülh müstəvisinə daşımağı bacardı. Bu gün Xankəndi üzərində tam suverenliyin bərqərar edilməsi ilə tamamlanan bu tarixi proses, regionu əsarətdə saxlamaq istəyən siyasi layihələri boşa çıxarmaqla yanaşı, Azərbaycanı regional iqtisadi və siyasi gündəliyi diktə edən mütləq liderə çevirdi.

Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri deputatı Zahid Oruc bu barədə Crossmedia.az-a açıqlama verib: "Azərbaycan Vətən müharibəsindəki qələbədən və 2023-cü il sentyabrın 20-də Xankəndi üzərində suverenliyini tamamilə bərqərar edəndən sonra Ermənistanla sülh gündəliyini daha da irəliyə aparan strateji xəttini gücləndirdi. Prezident İlham Əliyevin iradəsi sayəsində 2020-ci ildən sonrakı dönəmdə moderatorluq adı ilə ATƏT-in Minsk qrupunu bərpa etməyə çalışanlar ciddi zərbə aldılar. Bəlli oldu ki, bizim apardığımız savaş həm də bölgə üzərində 90-cı illərin məğlubiyyəti vasitəsilə qurulan geosiyasəti, regionu zəiflətmə mexanizmlərini və qlobal güclərin monopoliyasını dağıtmağa xidmət edir. Yəni, bilavasitə aparılan bu müharibə geosiyasi inqilab da adlandırıla bilər.
Nəinki ərazilərimiz işğaldan azad edildi, eyni zamanda torpaqlarımız üzərində tam konstitusion hüquqlar gerçəkləşdirildi. Digər tərəfdən isə imperialist qüvvələrin və yaxud 21-ci əsrdə onların varisləri kimi özünü aparan dairələrin Qarabağ münaqişəsindən bir zəiflətmə mexanizmi kimi istifadə etmək imkanlarına sarsıdıcı zərbə vuruldu. Hətta deyərdim ki, erməni məsələsi Azərbaycan coğrafiyasından dinc vasitələrlə kənara çıxarıldı. Çünki Xankəndidə yaşayan əhali Ermənistandakı avantürist siyasi planların, xüsusilə də hakimiyyət devrimi və dəyişikliyi layihələrinin qurbanı oldu və onlar, demək mümkündürsə, Azərbaycanı könüllü olaraq tərk etdilər. Belə olan şəraitdə apardığımız savaş, həmin qlobal güclərin regionu öz əsarətində saxlamaq planlarını boşa çıxardı".
O bildirib ki, Azərbaycan paralel şəkildə bu danışıqlarda-istər Avropa İttifaqı Şurasının keçmiş rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə, istər daha əvvəl ABŞ-nin sabiq prezidenti Cozef Bayden dövründə Amerikada xarici işlər nazirləri səviyyəsində aparılan, istərsə də bir dövr Rusiyanın vasitəçilik missiyası ilə reallaşan proseslərdə-bütün kənar dairələri oyundan kənarlaşdırdı: " Azərbaycan Prezidentinin qətiyyətli iradəsi ilə Ermənistanın hakimiyyət orqanları və təmsilçiləri-baş nazirin müavinləri, xarici işlər nazirləri, köməkçilər, Ermənistan Təhlükəsizlik Şurasının katibi və bəzi hallarda spikerlər, ələlxüsus da birbaşa Ermənistanın baş naziri ilə vasitəçisiz danışıqlar mümkün oldu".
Bunun ardınca baş verən ən parlaq hadisə isə 8 avqust Vaşinqton zirvəsi və qələbəmizin legitimliyinin tanınmasıdır. Paralel şəkildə orada paraflanan sənədlər gələcəkdə sülh müqaviləsinin imzalanmasını və regionda daha geniş iqtisadi əlaqələri canlandırdı, gücləndirdi. Bölgədə uzun onilliklər boyu işğal səbəbindən qırılan əlaqələr kövrək şəkildə də olsa bərpa olunmağa başladı. İlk olaraq bilirsiniz ki, Qazaxıstan vasitəsilə taxıl məhsullarının İrəvana buraxılması mümkün oldu. Ardınca Rusiyadan və eyni paraleldə ölkəmizdən də neft məhsulları çox mühüm bir dövrdə Ermənistana gedə bildi.
İstərdim ki, bu məsələni çox dəqiq bir ifadə ilə adlandıraq: Bilirsiniz ki, uzun əsrlər boyu ermənilər siyasi xəritəyə çıxandan sonra Ermənistanı idarə edən güc mərkəzləri bu regionun iqtisadi strukturlarını, sənaye obyektlərini və əsas tranzit xətlərini əldə saxlayaraq, belə demək mümkünsə, iqtisadi hökmranlıq bərqərar etməklə regionu idarə etməyə çalışırdılar. Azərbaycan isə indi artıq daha da genişlənən əlaqələrlə Ermənistan üzərində iqtisadi təsir imkanlarını artırır. Bu, çox önəmli məsələdir. Çünki xatırlayırsınızsa, seçkilərdən əvvəlki dövrdə Ermənistan baş nazjri Nikol Paşinyan da açıq şəkildə Azərbaycandan gələn neft məhsullarını və onların sərfəli qiymətlərini bəyan edirdi. Yəni, biz həm də həftələrlə Fransa Milli Assambleyasında "Dağlıq Qarabağ" termini ilə müzakirə aparanların, həmçinin Avropa Şurasında Azərbaycan əleyhinə qəbul edilən qətnamə müəlliflərinin maraqlarına zərbə vurmuşuq.
Ortada olan Azərbaycan-Ermənistan sülh münasibətləri, iqtisadi əlaqələr və gələcəkdə diplomatik-siyasi münasibətlər qurulandan sonra tam genişhəcmli əməkdaşlığa keçilməsi cənab Prezidentin uzun onilliklər boyu verdiyi sualların cavabını tapmağa imkan verir. Ölkə rəhbəri dəfələrlə səsləndirirdi: "Nə üçün Cənubi Qafqaz inkişaf etməyib? Nə üçün o, müxtəlif qlobal xətlərə qoşula bilməyib?". Cavab sadədir və hamıya bəllidir: çünki regionda təcavüzkarlığın, separatizmin tüğyan etdiyi bir şəraitdə Azərbaycan Ermənistanla hər hansı bir əlaqə qura bilməzdi.
Ona görə də inanırıq ki, bu münasibətlər daha da genişlənəcək. Xatırlatmaq istəyirəm ki, 1989-cu ildə Ermənistanın Azərbaycandan aldığı neft, kimya və digər sənaye məhsullarının ümumi dəyəri indiki qiymətlərlə ekvivalentləşdirilsə, bir neçə milyard dollardır. Bu, kifayət qədər böyük rəqəmdir. Çünki ümumiyyətlə, o ölkənin daxili tələbatının bəlli bir həddi var.
Yekun olaraq hesab edirik ki, Azərbaycan iqtisadi tədbirləri, əlaqələrin bərpasını və tranzit məhdudiyyətlərinin ortadan qaldırılmasını regional təhlükəsizlik siyasətinin tərkib hissəsi kimi gerçəkləşdirir. Bu addımlar sülh gündəliyinin gücləndirilməsinə və bölgədə xarici dairələrin nifaq yaratmaq cəhdlərinin qarşısının alınması strategiyasına xidmət edir. Ümidvarıq ki, bunlar səmərə verən addımlardır. Prezident İlham Əliyevin Cənubi Qafqazdakı liderliyi həm də bu addımlarla güclənir. Bu, o deməkdir ki, son yüzillik tarixdə Cənubi Qafqazda İlham Əliyev qədər sözükeçərli olan ikinci bir lider olmayıb. Bu, həm də müharibənin təsirinin təkcə regionla məhdudlaşmadığını, eyni zamanda qələbəmizin ixracı demək olduğunu göstərir. Ermənilər Birinci Qarabağ savaşından sonra, hər hansı bir səbəbdən qazandıqları müharibənin nəticələrini sülh naminə istifadə etmədilər. Azərbaycan isə qəti şəkildə sülh tərəfdarıdır. Bu da bir reallıqdır ki, bu gün regional siyasəti məhz Azərbaycan diktə edir".
Turqut Ansari
13:00 30.06.2026
Oxunuş sayı: 43