BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru
Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının iştirak etdiyi “Böyük Qafqazın Qədim İstehkamlarının Atlası” adlı beynəlxalq elmi layihə Böyük Britaniyanın “Leverhulme Trust” Fondunun qrant müsabiqəsində qalib gəlib.
BDU-dan Crossmedia.az-a bildirilib ki, ümumi büdcəsi 1 milyon 100 min manat təşkil edən layihə Edinburq Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Tədqiqat Böyük Qafqazın Azərbaycan və Gürcüstan ərazilərində yerləşən qədim müdafiə istehkamlarının sistemli şəkildə öyrənilməsini, rəqəmsal sənədləşdirilməsini və vahid elmi atlasda təqdim olunmasını nəzərdə tutur.
Layihədə BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru Aslan Qasımov Azərbaycan üzrə işlərin koordinatoru kimi təmsil olunur. Mərkəzin elmi işçisi Mircavid Ağalarov isə layihənin əsas tədqiqatçılarındandır.
Layihə çərçivəsində Azərbaycan və Gürcüstan arxeoloqlarının birgə iştirakı ilə hər iki ölkədə yerləşən qala, sədd, qüllə və digər müdafiə xarakterli arxeoloji abidələr tədqiq ediləcək. Abidələrə dair arxeoloji, tarixi və coğrafi məlumatlar toplanacaq, onların yerləşməsi və memarlıq xüsusiyyətləri dəqiqləşdiriləcək, müasir rəqəmsal xəritələşdirmə və sənədləşdirmə metodları tətbiq olunacaq.
Tədqiqatın nəticəsi olaraq Böyük Qafqazın qədim müdafiə sistemlərinə həsr edilmiş geniş elmi atlas hazırlanacaq. Atlas regionun müdafiə memarlığının, tarixi-landşaft xüsusiyyətlərinin, siyasi və hərbi əlaqələrinin, eləcə də müxtəlif dövrlərdə formalaşmış istehkam sistemlərinin daha dərindən öyrənilməsinə mühüm töhfə verəcək.
Layihənin “Leverhulme Trust” Fondunun qrant müsabiqəsində qalib gəlməsi BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin beynəlxalq elmi əməkdaşlıqlarda artan rolunun və əməkdaşlarının yüksək elmi potensialının təsdiqidir. Bu uğur Azərbaycanın zəngin arxeoloji irsinin beynəlxalq elmi ictimaiyyətə daha geniş təqdim olunmasına, rəqəmsal arxeologiya sahəsində yeni tədqiqat imkanlarının formalaşmasına və gənc alimlərin beynəlxalq elmi layihələrə fəal cəlb edilməsinə əhəmiyyətli töhfə verəcək.
15:46 29.06.2026
Oxunuş sayı: 45