BDU-da hüquqşünaslar üçün yeni magistr proqramı yaradılıb
2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində magistratura səviyyəsində “Hüquqşünaslıq” ixtisası üzrə yeni “Ədalət mühakiməsi hüququ” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.
Crossmedia.az xəbər verir ki, universitetdən bildirilib ki, yeni ixtisaslaşmanın yaradılması məhkəmə hakimiyyətinin rolunun artması, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, rəqəmsal texnologiyaların hüquq sisteminə inteqrasiyası və ədalətli məhkəmə araşdırması standartlarının təkmilləşdirilməsi fonunda bu sahədə peşəkar mütəxəssislərə artan tələbatdan irəli gəlir.
Qeyd edək ki, ədalət mühakiməsi hüququ hüquqi dövlətin əsas institutlarından biri olan məhkəmə hakimiyyətinin təşkili və fəaliyyəti ilə bağlı münasibətləri öyrənən mühüm hüquq sahəsidir. Azərbaycanda ədalət mühakiməsinin həyata keçirilməsinin yeganə və müstəqil daşıyıcısı məhkəmələr olduğundan məhkəmə sisteminin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin səmərəliliyinin artırılması, məhkəmə fəaliyyətində innovativ yanaşmaların tətbiqi və bu sahənin elmi-praktik əsaslarının öyrənilməsi peşəkar kadr hazırlığını zəruri edir.
Yeni ixtisaslaşma çərçivəsində magistrantlar ədalət mühakiməsinin anlayışı və mahiyyəti, müasir məhkəmə-hüquq islahatları, məhkəmə fəaliyyətində informasiya texnologiyalarının, rəqəmsallaşmanın və süni intellekt sistemlərinin tətbiqi perspektivləri, ədalətli məhkəmə araşdırması hüququnun institusional və prosessual təminatları, Azərbaycan Respublikasının məhkəmə sistemi, hakimlərin və digər proses iştirakçılarının hüquqi statusu, Məhkəmə-Hüquq Şurasının fəaliyyət istiqamətləri, məhkəmə etikası və digər mühüm sahələr üzrə bilik və bacarıqlar əldə edəcəklər.
Tədris prosesində Azərbaycan Respublikasının prosessual qanunvericiliyi, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin hüquqi mövqeləri, Məhkəmə-Hüquq Şurasının qərarları, eləcə də beynəlxalq hüquqi təcrübə, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin seçilmiş presedent hüququ, Avropa Hakimlərinin Məşvərətçi Şurasının rəyləri və Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının sənədləri tələbələrə nəzəri və praktiki aspektlərdə tədris olunacaq.
BDU-nun Hüquq fakültəsinin güclü elmi-pedaqoji potensialı əsasında həyata keçiriləcək magistr hazırlığının ölkədə hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsinə, məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına, hüquq sahəsində elmi tədqiqatların genişləndirilməsinə və müasir çağırışlara cavab verən peşəkar hüquqşünasların yetişdirilməsinə töhfə verəcəyi vurğulanıb.
Qeyd edək ki, proqramı uğurla başa vuran magistrantlar əldə etdikləri nəzəri bilik və praktik bacarıqlar sayəsində həm akademik fəaliyyətə, həm də məhkəmə və digər hüquq institutlarında peşəkar fəaliyyətə daha hazırlıqlı şəkildə inteqrasiya oluna biləcəklər.
17:23 25.06.2026
Oxunuş sayı: 47