MEK-in 2026-cı ilin birinci yarımilliyinə dair hesabat iclası keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) şöbələrin 2026-cı ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, hesabat iclasının əvvəlində MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Mərkəzi Elmi Kitabxanada elektron xidmətlərin inkişafına mühüm töhfələr verən Azad Qurbanovu 60 illik yubileyi münasibətilə təbrik edərək, ona bundan sonrakı fəaliyyətində yeni nailiyyətlər və uğurlar arzulayıb. Yubilyara MEK-in Təşəkkürnaməsi təqdim olunub.
Daha sonra yarımillik hesabat iclası öz işinə başlayıb və direktor çıxış edərək, kitabxananın elmi-informasiya sahəsində həyata keçirdiyi fəaliyyət, elmə verdiyi informasiya dəstəyi, əldə olunan nailiyyətlər və mövcud problemlər barədə danışıb, qarşıdakı dövr üçün nəzərdə tutulan əsas fəaliyyət istiqamətləri və prioritet vəzifələr haqqında məlumat verib.
Daha sonra MEK-in şöbə rəhbərləri 2026-cı ilin ilk altı ayı ərzində həyata keçirilən işlər barədə hesabatla çıxış ediblər.
Azərbaycan Respublikasi Prezidentinin Sərəncamlarının icrasi çərçivəsində AMEA Rəyasət Heyətinin müvafiq qərarlarına əsasən MEK-in fəaliyyəti haqqında məlumat verilib. Nəzərə çatdırılıb ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində kitabxana tərəfindən virtual və ənənəvi kitab sərgiləri nümayiş etdirilib, “Azərbaycanda memarlıq və şəhərsalma” adlı biblioqrafik göstərici tərtib olunub, MEK könüllüləri tərəfindən “Memarlığın zamanla ritmi”, “Bir binanın yaddaşı” və “Böyük kitabxananın mini dünyası” layihələri reallaşdırılıb.
Bundan əlavə, 2026-cı ildə Birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illiyi münasibətilə tərtib olunan biblioqrafik göstərici işıq üzü görüb, mövzuya həsr olunmuş sərgisi və elektron resurslar hazırlanıb.
Məlumat verilib ki, hesabat dövründə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə elektron və ənənəvi sərgilər, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş elektron məlumat bazası istifadəçilərin ixtiyarına verilib.
Kitabxana işi üzrə göstəricilər zamanı MEK-in kataloqlaşdırma və kartoteka sistemi üzrə fəaliyyətinə toxunulub, kitabxanadakı fiziki sənədlərin rəqəmsallaşdırılması və elektron versiyaların yaradılmasının sürətlə həyata keçirildiyi bildirilib. Hər zaman olduğu kimi bu dövr ərzində də oxuculara həm elektron, həm də ənənəvi kataloq-kartoteka sistemi əsasında xidmətlərin göstərildiyi xüsusi diqqətə çatdırılıb.
O cümlədən kitabxananın nəşr fəaliyyəti də nəzərə çatdırılıb. Belə ki, AMEA Rəyasət Heyətinin qərarları, kollektivin təşəbbüsü əsasında cari ilin ilk yarısında 9 adda şəxsi biblioqrafik göstərici nəşr olunub, 4 adda biblioqrafik göstəricinin hazırlanması başa çatdırılıb, həmçinin “Mərkəzi Elmi Kitabxananın İnformasiya bülleteni”nin iki nömrəsi çap olunub.
Hesabat zamanı Mərkəzi Elmi Kitabxanada keçirilən elmi konfransların, elmi və mədəni-kütləvi tədbirlərin təşkili işinə, eləcə də əməkdaşların elmi məruzələrlə çıxışlarına da toxunulub. MEK-in təşkilatçılığı ilə baş tutan ən mühüm elmi tədbirlərindən biri olan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda II Respublika Elmi Konfransı haqqında məlumat verilib. Vurğulanıb ki, konfransda 25-dən artıq elmi və təhsil müəssisəsini təmsil edən müəlliflərin tezis və məqalələri təqdim edilib.
Birinci yarımildə, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və nüfuzlu qurumlarla əməkdaşlıq müqavilələri MEK-in prioritet istiqamətlərindən olub. Cari ildə Türkiyənin “Hiperkitap” rəqəmsal verilənlər bazasına çıxış təmin edilib, bir sıra qurumlarla əlaqələr yaradılıb, beynəlxalq kitab mübadiləsi həyata keçirilib. O cümlədən yerli qurumlar, ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində müxtəlif təlim və ixtisasartırma təşəbbüsləri reallaşdırılıb.
Həmçinin MEK könüllülük proqramınını və “Açıq qapı” layihələrinin uğurla davam etdirildiyi də qeyd olunub.
Sonda Hüseyn Hüseynov görülən işləri ümumilikdə müsbət qiymətləndirərək, kitabxananın fəaliyyətinin daha da səmərəli təşkili və inkişaf etdirilməsi məqsədilə aidiyyəti şöbələrə müvafiq tapşırıqlar verib.
15:00 25.06.2026
Oxunuş sayı: 84