Qərar verildi: Yeni turizm mərkəzləri yaradılır
Turizm artıq yalnız xidmət sektoru deyil, ölkələrin regional inkişafını, investisiya cəlbediciliyini və qeyri-neft iqtisadiyyatını formalaşdıran strateji sahələrdən biri kimi çıxış edir. Bu baxımdan Nazirlər Kabinetinin turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi, eləcə də investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı yeni qaydaları təsdiqləməsi diqqət çəkən qərarlardan biri hesab olunur. Yeni mexanizmin əsas məqsədi turizm zonalarında dövlət resurslarının daha səmərəli idarə olunması, özəl investisiyaların təşviqi və müasir turizm infrastrukturunun formalaşdırılması kimi qiymətləndirilir. Bəs bu qərar turizm sektoruna hansı real imkanlar yarada bilər, investisiya mühitinə necə təsir göstərəcək və regionlarda yeni turizm mərkəzlərinin yaranmasına təkan verəcəkmi?
Mövzu ilə bağlı turizm eksperti Lalə Paşayeva Crossmedia.az-a açıqlama verib:
“Bu qərarı ümumilikdə turizm sektoru üçün müsbət addım kimi qiymətləndirmək olar. Çünki ilk dəfə olaraq turizm və rekreasiya zonalarında dövlətə məxsus əmlakın investorlara hansı qaydalarla təqdim ediləcəyi və investisiya layihələrinin necə həyata keçiriləcəyi daha aydın çərçivəyə salınır. Qaydalar Prezidentin təsdiq etdiyi “Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi”nin icrası məqsədilə hazırlanıb. Yeni mexanizmin turizm sektoruna mümkün təsirləri bir neçə istiqamətdə özünü göstərə bilər. İlk növbədə, investorlar üçün şəffaflıq artır. Əvvəllər bəzi turizm ərazilərində dövlət torpaqları və obyektlərindən istifadə mexanizmləri tam aydın olmaya bilirdi. Yeni qaydalar investorun hansı şərtlərlə əmlak götürə biləcəyini müəyyənləşdirir. Bu isə investisiya risklərini azaldır. Digər mühüm məqam dövlət-özəl əməkdaşlığının güclənməsi perspektividir. Dövlətə məxsus istifadəsiz və ya az istifadə olunan əmlaklar hotellərə, istirahət mərkəzlərinə, əyləncə obyektlərinə və digər turizm layihələrinə çevrilə bilər. Bu da dövlət büdcəsinə əlavə yük yaratmadan yeni turizm məhsulları formalaşdırmağa imkan verər”.
Ekspert əlavə edib ki, qaydaların regionların inkişafına da təkan verə biləcəyi gözlənilir: “Əgər mexanizm düzgün tətbiq olunarsa, yalnız ənənəvi istiqamətlər deyil, yeni turizm mərkəzləri də formalaşa bilər. Məsələn, son illərdə diqqət çəkən Xızı, Şabran, Lerik, Yardımlı, Zaqatala kimi ərazilərdə yeni investisiyaların cəlbi mümkündür. Eyni zamanda turizm infrastrukturunun keyfiyyətinin yüksəlməsi üçün də əlavə imkanlar yarana bilər. Yeni hotellər, istirahət kompleksləri, əyləncə və xidmət obyektləri yaradıldıqca turistlərin qalma müddəti və xərcləri arta bilər. Bu da ölkənin turizm gəlirlərinə müsbət təsir göstərər. Bununla yanaşı, uğur yalnız qaydaların qəbulundan asılı deyil. Əsas məsələ: investor seçimində şəffaflıq, uzunmüddətli icarə zəmanətləri, infrastrukturun (yol, su, enerji, internet) təmin olunması, ekoloji balansın qorunmasıdır. Turizm sahəsində çalışan biri kimi məncə bu qərarın ən böyük üstünlüyü dövlətin turizm zonalarının idarə edilməsini daha sistemli formaya keçirməsidir. Əgər praktiki tətbiq uğurlu alınsa, yaxın 5–10 ildə Azərbaycanda yeni regional turizm mərkəzlərinin yaranmasına və qeyri-neft sektoruna investisiyaların artmasına səbəb ola bilər. Lakin nəticəni müəyyən edəcək əsas amil qaydaların özü deyil, onların necə icra olunacağıdır”.
Ayhan
20:00 23.06.2026
Oxunuş sayı: 45