Dərsliklərin məzmunu dəyişdirilir
Elm və təhsil naziri Emin Əmrullayev yerli televiziya kanallarına müsahibəsində qeyd edib ki, bizim dərsliklərdə ciddi məzmun problemi var: “O mənada ki, bizim əsas məzmun problemimiz var. Yəni biz oturub fizika, kimya, biologiyanın gələcək nəslə uyğun olub-olmamasının mübahisəsini edək. Burada, daşıdığım vəzifənin funksiyası olmasa da, tənqid edən tərəf də ola bilərəm. Dərslikdə hansısa mövzu ümumiyyətlə yoxdursa, bu artıq ciddi problemdir. Hansısa mövzu artıqdırsa, bu da ciddi problemdir. Biz bu qədər mövzunu keçməliyikmi? Bəlkə, daha az mövzu keçməliyik? Bəlkə, fərqli mövzular keçməliyik? Bəlkə, Azərbaycan tarixi, Azərbaycan dili, kimya və ya biologiya dərsliklərinə yeni elmi nailiyyətləri daxil etməliyik? Mən nə mediada, nə də ictimai müzakirələrdə bu tip narazı mövqe görmüşəm. Görsəm, çox sevinərdim”, - nazir vurğulayıb. Bu gün Azərbaycanda dəyişikliyə ehtiyacı olan dərsliklərdə məzmun məsələsi müasir texnologiya dövrünün məktəbliləri üçün olduqca vacib amildir. Bu gün dərsliklərdə hansı məzmun dəyişiklikləri edilərək müasir dövr şagirdlərinin maraqlarına uyğunlaşdırıla bilər?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Crossmedia.az-a açıqlama verib: “Bizim dərsliklər, əvvəlki dövrlərdə necə hazırlanırdısa, bu gün də eyni ölçüdə eyni formatda, eyni məzmunda hazırlanmağa davam edir. Halbuki yeni nəslin yanaşması tamamilə fərqlidir. Biz yeni nəsil dedikdə, xüsusilə XXI əsrin əvvəlindən sonra doğulanları nəzərdə tuturuq və artıq müşahidə olunur ki, onların dərsliyə marağı, diqqəti texnoloji vasitələrin təsiri ilə tədricən azalır. Bu baxımdan düşünməliyik ki, dərsliklərin məzmununda hansı yeniliklərdən, hansı elementlərdən istifadə edək ki, şagird üçün daha maraqlı və cəlbedici olsun. Bununla bağlı həm Nazirlər Kabinetinin müvafiq qərarlarında, həm də beynəlxalq təhsil sistemində qəbul olunmuş müəyyən indikatorlar mövcuddur və onlar nəzərə alınmalıdır. Məsələn, dərslikdə təqdim olunan hər hansı mövzu ilə bağlı illüstrativ materialların verilməsi məqsədəuyğun olar. Eyni zamanda həmin mövzu üzrə şagirdin məntiqi və yaradıcı təfəkkürünü inkişaf etdirən suallar yer almalıdır. Bundan əlavə, mövzu ilə əlaqəli qısa, doğru, dəqiq mətnlər, eləcə də dünya miqyasında tanınmış şəxslərin elmi yanaşmaları dərslik məzmununda öz əksini tapmalıdır. Dərslik elə hazırlanmalıdır ki, şagird oxuduğu mövzu üzrə istiqamət ala bilsin və bu məzmun müəyyən mənada təlimat xarakteri daşısın. Belə olduqda şagird lazımi bacarıqları daha rahat formalaşdıra bilər. Amma təəssüf ki, hazırkı dərsliklərdə bu istiqamətdə müəyyən çatışmazlıqlar mövcuddur”.

Ekspert əlavə edib ki, ümumiyyətlə, dərslik hazırlanarkən məzmuna daha çox diqqət yetirilməlidir: “Dövlət tərəfindən müəyyənləşdirilən dərslik proqramı mövcuddur və bu yanaşma uzun illərdir tətbiq edilir. Burada əsas məqsəd şagirdlərə təqdim olunan informasiyanın həm elmi, həm nəzəri, həm də praktik bilikləri əhatə etməsi olmalıdır. Məzmun eyni zamanda bacarıq və dəyərlər sistemini də özündə əks etdirməlidir. Lakin qeyd etdiyim kimi, hazırkı dərsliklərdə məzmun baxımından müəyyən boşluqlar qalmaqdadır. Dərsliklərin hazırlanması ilə bağlı qəbul olunmuş qərarlarda da göstərilir ki, dərsliklər elmi əsaslı olmalı, verilən informasiyalar dəqiq və etibarlı təqdim edilməlidir. Şagirdlərin yaş və psixoloji xüsusiyyətləri mütləq nəzərə alınmalıdır ki, onlar məzmunu mənimsəyərkən çətinliklərlə üzləşməsinlər. Eyni zamanda dərsliklər şagirdlərin dünyagörüşünün formalaşmasına xidmət etməli, onlarda müstəqil düşüncə və sağlam baxışların inkişafına şərait yaratmalıdır. Bunlar təmin olunarsa, dərsliklərdə məzmunla bağlı mövcud olan bir sıra problemləri aradan qaldırmaq mümkün olar”.
Ayhan
10:00 24.06.2026
Oxunuş sayı: 51