Bu addım Azərbaycanın gələcək uğurlarının möhkəm təməlini formalaşdıracaq
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və bu sahədə xidmət keyfiyyətinin artırılması istiqamətində yeni mərhələyə keçid edilir. Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, məktəbəqədər təhsil sahəsində valideyn–dövlət–özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi nəzərdə tutulur. Bu yanaşma dövlətin tək maliyyələşdirici rolundan çıxaraq özəl sektor və valideyn iştirakını da sistemli şəkildə prosesə cəlb etməsi deməkdir. Yeni modelin əsas məqsədi məktəbəqədər təhsil müəssisələrinə çıxışı artırmaq, dövlət yükünü optimallaşdırmaq və eyni zamanda ailələr üçün daha əlçatan mexanizmlər formalaşdırmaqdır. Bəs bu model praktikada necə işləyəcək, tərəflərin məsuliyyəti necə bölüşdürüləcək və məktəbəqədər təhsil sisteminə hansı yenilikləri gətirəcək?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimova Crossmedia.az-a açıqlama verib:
“Məktəbəqədər təhsil hər bir xalqın gələcəyinin təməlidir. Uşağın ilk sosial bacarıqları qazandığı, dünyanı tanıdığı, şəxsiyyət kimi formalaşmağa başladığı bu mərhələyə qoyulan investisiya əslində dövlətin öz gələcəyinə yatırdığı ən dəyərli sərmayədir. Məhz buna görə də Prezident İlham Əliyevin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modelinin tətbiqi ilə bağlı imzaladığı Fərman təkcə təhsil sahəsində deyil, ölkənin sosial inkişaf strategiyasında da mühüm dönüş nöqtəsi kimi qiymətləndirilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, məktəbəqədər təhsildə ən uğurlu nəticələr dövlətin, özəl sektorun və ailələrin birgə məsuliyyət daşıdığı modellər əsasında əldə olunur. Bu gün Finlandiyada, Sinqapurda, Niderlandda və bir sıra digər qabaqcıl ölkələrdə məktəbəqədər təhsil xidmətlərinin genişləndirilməsi məhz belə tərəfdaşlıq mexanizmləri hesabına mümkün olub. Təcrübə sübut edir ki, rəqabət mühiti keyfiyyəti artırır, müxtəlif maliyyə mənbələri isə daha çox uşağın təhsil xidmətlərinə çıxışını təmin edir. Azərbaycanda da bu modelin tətbiqi məktəbəqədər təhsilin əhatə dairəsinin genişlənməsinə, yeni bağçaların yaranmasına, xidmət keyfiyyətinin yüksəlməsinə və valideynlərin seçim imkanlarının artmasına şərait yaradacaq. Dövlət öz sosial missiyasını davam etdirəcək, özəl sektor çeviklik və innovasiya gətirəcək, valideynlər isə övladlarının təhsili ilə bağlı qərarların fəal iştirakçısına çevriləcəklər. Bu əməkdaşlıq nəticəsində hər bir uşağın daha keyfiyyətli təhsil almaq şansı yüksələcək. Ən vacibi isə odur ki, bu qərar gələcəyin Azərbaycan vətəndaşına verilən dəyərin ifadəsidir. Güclü məktəbəqədər təhsil sistemi güclü məktəb, güclü cəmiyyət və güclü dövlət deməkdir. Bu gün atılan addım sabah ölkənin intellektual potensialına, insan kapitalına və rəqabət qabiliyyətinə çevriləcək. Məhz buna görə də yeni maliyyələşmə modelini sadəcə inzibati dəyişiklik kimi deyil, Azərbaycanın gələcəyinə hesablanmış uzaqgörən və müasir islahat kimi dəyərləndirmək lazımdır”.

Deputat bu Fərmanın bir daha ölkədə həyata keçirilən təhsil siyasətinin mərkəzində insan amili dayandığını göstərdiyini qeyd edib: “Uşaqların daha yaxşı təhsil alması, valideynlərin daha geniş imkanlara malik olması və təhsil sisteminin beynəlxalq təcrübəyə uyğun inkişaf etməsi istiqamətində atılan bu addım Azərbaycanın gələcək uğurlarının möhkəm təməlini formalaşdıracaq”.
Ayhan
19:00 22.06.2026
Oxunuş sayı: 55