Dövlət Komitəsində SESRIC-in rəhbəri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (Statistical, Economic and Social Research and Training Centre for Islamic Countries - SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qonağı səmimi salamlayan komitə sədri iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsinin aparılmasının önəmini qeyd edib.
Görüş zamanı diaspor sahəsində birgə təşəbbüslər və institusional tərəfdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub. Xüsusilə, SESRIC ilə birgə layihələrinin həyata keçirilməsi imkanları nəzərdən keçirilib, İƏT tərəfindən ilk dəfə təşkili planlaşdırılan İƏT Diaspor Forumu ilə bağlı fikir mübadiləsi aparılıb.
Müzakirələrdə SESRIC-in Azərbaycanın müxtəlif dövlət qurumları ilə təlimlər və seminarlar çərçivəsində uğurlu birgə fəaliyyət təcrübəsinə malik olduğu diqqətə çatdırılıb. SESRIC və İƏT platforması vasitəsilə diaspor könüllüləri proqramının həyata keçirilməsi imkanları dəyərləndirilib, bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Həmçinin SESRIC-in Diaspor Gənclərinin Yay Düşərgəsində iştirakı və gənclərlə bağlı ortaq layihələrin reallaşdırılması perspektivləri müzakirə olunub. Bununla yanaşı, iki qurum arasında əməkdaşlığa dair rəsmi sənədin və ya birgə fəaliyyət planının imzalanması imkanları nəzərdən keçirilib.
Səmimi qəbula görə təşəkkürünü bildirən mərkəzin Baş direktoru Zehra Zümrüt Selçuk rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, komitə ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb və gələcək birgə təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Məlumat üçün bildirək ki, SESRIC İƏT-nin nəzdində fəaliyyət göstərir. Mərkəz üzv dövlətlər arasında sosial-iqtisadi əməkdaşlığın inkişafı, statistik məlumat mübadiləsi, təlim proqramlarının təşkili istiqamətlərində fəaliyyət göstərir. Qərargahı Ankara şəhərində yerləşən SESRIC İƏT məkanında bilik və təcrübə paylaşımının təşviqində mühüm rol oynayır.
16:34 19.06.2026
Oxunuş sayı: 49