“Qarabağ” Azərbaycan Dili Məktəbi dilimizi və milli-mənəvi dəyərlərimizi yaşadır
Kanadanın paytaxtı Ottavada “Qarabağ” Azərbaycan Dili Məktəbinin yaradılmasından 15 il ötür.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məktəbdə 4–14 yaş aralığında olan uşaqlara həftə sonlarında Azərbaycan dili tədris olunur. Şagirdlər ana dili ilə yanaşı, Azərbaycanın zəngin ədəbiyyatı, tarixi irsi, coğrafiyası və milli-mənəvi dəyərləri haqqında geniş və sistemli biliklər əldə edirlər.
“Qarabağ” Azərbaycan Dili Məktəbinin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan dili “Ottava District School Board”-un Beynəlxalq Dillər Proqramına daxil edilib. Bu mühüm nailiyyət Kanadadakı icmamızın birgə səyi və məktəbin ardıcıl, məqsədyönlü işlərinin uğurlu göstəricisi sayılıb.
Məktəbin yubiley tədbirində müəllim heyəti və şagirdlərlə yanaşı, valideynlər, Ottavada yaşayan Azərbaycan icmasının nümayəndələri də iştirak edib. Tədbirdə ötən illər ərzində əldə olunan uğurlar xatırlanıb, nəticələr yüksək qiymətləndirilib, həmçinin gələcəklə bağlı yeni hədəflər müəyyənləşdirilib.
Qeyd edək ki, 2011-ci ilin sentyabrında fəaliyyətə başlayan “Qarabağ” Azərbaycan Dili Məktəbi Kanadadakı gənc soydaşlarımızın öz köklərinə bağlı, milli-mənəvi dəyərlərə sadiq və vətənpərvər ruhda formalaşmasına xidmət edən təhsil ocağıdır.
15:38 19.06.2026
Oxunuş sayı: 47