Azərbaycanlı şagirdlər JBMO 2026-da 6 medal qazanıblar
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası (JBMO) 2026 yarışında Azərbaycan komandası uğurla çıxış edərək 3 gümüş və 3 bürünc medal qazanıb.
Crossmedia.az-a bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib.
Gümüş medala layiq görülənlər arasında Eldar İsmayılov (Bakı Avropa Liseyinin IX sinif şagirdi), Alikamal Həsən (Bakı şəhər “Gənc istedadlar” liseyinin IX sinif şagirdi) və Gülay Əlizadə (Bakı şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi) yer alıblar.
Bürünc medal qazanan şagirdlər isə Toğrul Həmidli, Yusif Qurbanlı (hər ikisi Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdləri) və Şamil Abbasov (Bakı şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi) olublar.
Qeyd edək ki, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası regionun ən nüfuzlu riyaziyyat yarışlarından biri hesab olunur və hər il müxtəlif ölkələrdən yüzlərlə istedadlı məktəblini bir araya gətirir.
Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən şagirdlərin bu nəticəsi ölkəmizin riyaziyyat sahəsində yetişən gənc istedadlarının potensialını bir daha nümayiş etdirib. Təhsil ictimaiyyəti medalçıları, onların müəllimlərini və valideynlərini təbrik edərək gələcək yarışlarda yeni nailiyyətlər arzulayıb.
13:40 19.06.2026
Oxunuş sayı: 47