Sofiyada Azərbaycan milli mətbəxi təqdim olunub
Bolqarıstanın paytaxtı Sofiyada Azərbaycan milli mətbəxi təqdim olunub.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Dayanıqlı Qastronomiya Günü ilə əlaqədar təşkil olunmuş tədbirdə Azərbaycan və Bolqarıstanın dövlət rəsmiləri, merlər, kənd təsərrüfatı, turizm, ətraf mühit, qonaqpərvərlik və qastronomiya sahələrinin nümayəndələri, həmçinin akademik dairələrin və media qurumlarının təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov çıxışında bildirib ki, ölkəsinin zəngin kulinariya irsi insan, mədəniyyət və təbii mühit arasında tarazlıq fəlsəfəsini aydın şəkildə əks etdirir:
"Azərbaycanın qastronomik irsinin mühüm elementləri sırasında yer alan Azərbaycan lavaşı, təndirdə çörəkbişirmə ənənəsi, dolma, çay mədəniyyəti və Nar Bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib".
Bundan sonra qonaqlar Şah plov, yarpaq dolması, göyərti və ətli qutab, manqal salatı, doğramaç, Bakı paxlavası, Şəki paxlavası, Naxçıvan sucuğu, Gəncə Çinar şokoladları və şəkərbura da daxil olmaqla müxtəlif ənənəvi Azərbaycan yeməkləri və şirniyyatlarını dadıblar.
10:34 19.06.2026
Oxunuş sayı: 59