Soltan Məmmədov: İlkin səhiyyə xidmətinin və profilaktik tədbirlərin gücləndirilməsinə ehtiyac var
Azərbaycanda icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfi genişləndirilir, xidmətlərin keyfiyyətinə nəzarət gücləndirilir və tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində mühüm işlər görülür.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov komitənin bugünkü iclasında “Psixiatriya yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat qeyd edib ki, hazırda həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları tərəfindən səhiyyə xidmətlərinin genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir.
Onun sözlərinə görə, bununla yanaşı, ilkin səhiyyə xidmətinin və profilaktik tədbirlərin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
“Xüsusilə COVID-19 pandemiyasından sonra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə profilaktik tədbirlərə və ilkin səhiyyə xidmətinə ayrılan vəsait ümumi səhiyyə xərclərinin 20-25 faizini təşkil edir”, - deyə deputat vurğulayıb.
S.Məmmədov bildirib ki, gələcəkdə profilaktik tədbirlərin və ambulator xidmətlərin daha da gücləndirilməsi istiqamətində görülən işlərin genişlənəcəyi gözlənilir.
Deputat əlavə edib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına əsasən uzun illər ərzində regionda profilaktik tədbirlərin həyata keçirilməsi sahəsində ön sıralarda yer alıb.
Onun sözlərinə görə, COVID-19 pandemiyasından sonra profilaktik tədbirlərə və peyvəndləmə proqramlarına münasibətdə müəyyən dəyişikliklər müşahidə olunsa da, ilkin səhiyyə xidmətinin gücləndirilməsi bu gün də prioritet məsələlərdən biri olaraq qalır. (trend)
13:36 17.06.2026
Oxunuş sayı: 54