Azərbaycanın gənc ifaçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tələbələri Tbilisi Dövlət Konservatoriyasında konsert proqramı ilə çıxış ediblər.
Crossmedia.az xəbər verir ki, proqramda filarmoniyanın gənc ifaçıları Suel Kərimli, Miray Fərzulla, Nuray Həsənli, Ümid Əsgərli, Anisa Karmel Əsgərli, eləcə də Tbilisi Dövlət Konservatoriyasının tələbələri Giorgi Meqrelişvili, Baçi Mokeladze, Andria Kapanadze və digər gənc musiqiçilər Azərbaycan, Gürcüstan və dünya bəstəkarlarının əsərlərini məharətlə ifa ediblər.
Konsert zamanı gürcü tamaşaçılar Nuray Həsənlinin Tbilisiyə həsr olunmuş mahnısını ifa etməsinə qoşularaq ona dəstək göstəriblər. Proqram tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirin təşkilatçılarından olan "Harmoniya" Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyinin icraçı direktoru Tsitsi Biçikaşvilinin sözlərinə görə, Azərbaycanlı gənc musiqiçilərin Tbilisi və Gürcüstan haqqında mahnılar səsləndirməsi tamaşaçıların xüsusi rəğbətini qazanıb.
"Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivi Tbilisidə çox maraqlı konsert proqramı ilə çıxış etdi. Düşünürəm ki, belə tədbirlər davamlı olmalıdır. Çünki onlar həm mədəni əlaqələrimizin genişlənməsində, həm də gənc musiqiçilərin inkişafında mühüm rol oynayır", – deyə Tsitsi Biçikaşvili bildirib.
O, həmçinin 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ayla Kərimova-Zəkəriyyə isə bildirib ki, gənc musiqiçilərin çıxışı milli musiqinin təbliğinə, xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və mədəniyyətlərarası dialoqun inkişafına xidmət edir.
Onun sözlərinə görə, musiqi vasitəsilə qurulan bu mədəni körpü Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın daha da dərinləşməsinə şərait yaradır.
A.Kərimova-Zəkəriyyə qeyd edib ki, konsertin 15 İyun – Milli Qurtuluş Gününə təsadüf etməsi tədbirə xüsusi rəmzi məna qazandırıb və mədəniyyətin xalqları birləşdirən gücünü bir daha nümayiş etdirib.
Onun sözlərinə görə, Tbilisi Dövlət Konservatoriyasında keçirilən konsert Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərin dəstəyi" layihəsi çərçivəsində təşkil olunub və iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verir. (REPORT)
23:20 15.06.2026
Oxunuş sayı: 42