Bakıda qadın rəssamların əsərlərini bir araya gətirən “Woman” sərgisi açıldı
"Turan Art Studio and Gallery"nin təşkilatçılığı ilə 13–14 iyun 2026-cı il tarixlərində "D"art Gallery"də keçirilən "Woman" sərgisi sənətsevərlərə azərbaycanlı qadın rəssamların yaradıcılığını təqdim edib.
Crossmedia.az xəbər verir ki, iyunun 13-də açılışı baş tutan sərgidə natürmort, portret, mənzərə və yaradıcı kompozisiya janrlarında ərsəyə gətirilmiş əsərlər nümayiş olunub.
Yağlı boya texnikasında işlənmiş əsərlər impressionizm və realizm ənənələrinə əsaslanaraq müəlliflərin fərdi təcrübələrini, emosional dünyalarını və bədii baxışlarını əks etdirir. Müxtəlif mövzu və yanaşmaları bir araya gətirən ekspozisiya qadın rəssamların yaradıcılıq ifadələrinin zənginliyini və müxtəlifliyini nümayiş etdirir.
Sərginin konseptual xətti təbiət motivləri üzərində qurulub. Burada təbiət elementləri yalnız dekorativ vasitə kimi deyil, həssaslıq, dayanıqlılıq, daxili inkişaf və özünü kəşf proseslərinin metaforik ifadəsi kimi təqdim olunur. Əsərlərdə təbiətlə insanın daxili aləmi arasında qurulan əlaqə fərqli vizual həllər vasitəsilə ifadə edilir.
Ekspozisiyada "Turan Art Studio and Gallery" tərəfindən təmsil olunan 30 rəssamın 45-ə yaxın əsəri nümayiş olunur. Sərginin kuratoru peşəkar rəssam Turan Muxtarzadədir.
İyunun 14-də də ziyarətçilərin üzünə açıq olan sərgiyə giriş ödənişsizdir və geniş ictimaiyyətə qadın rəssamların yaradıcılığı ilə yaxından tanış olmaq imkanı yaradır.
14:18 14.06.2026
Oxunuş sayı: 55