Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu Zamin Əliyev, Baş Konsulluğun vitse-konsulu Samir Quliyev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Kənan Məmmədov, Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyasının sədri Adalet Turan və federasiyanın sədr müavini Pərviz Məmmədzadə Türkiyənin Ağrı vilayətinə səfər ediblər. Səfər çərçivəsində onlar Ağrı İbrahim Çeçen Universitetində, Taşlıçay Kaymakamlığında və Taşlıçay Bələdiyyəsində olub və Azərbaycan–Türkiyə əməkdaşlığının müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.
Crossmedia.az bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Ağrı İbrahim Çeçen Universitetində universitetin rektoru və professor İlhami Gülçin, eyni zamanda Ağrı valisinin müavini Tuncay Karataşla görüş keçirilib. Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, universitetlərarası əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi proqramları, eləcə də birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Professor İlhami Gülçin Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşaya səfər etdiyini xatırladıb, Azərbaycanın mədəniyyət paytaxtında aparılan bərpa və quruculuq işlərinin onda dərin təəssürat yaratdığını bildirib. O, Azərbaycan–Türkiyə qardaşlığının elm və təhsil sahəsində daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Ağrı valisinin müavini Tuncay Karataş isə iki qardaş ölkə arasındakı münasibətlərin bölgədə sabitlik və əməkdaşlığa mühüm töhfə verdiyini qeyd edib.
Səfər çərçivəsində qonaqlar Taşlıçay Kaymakamlığında olub, kaymakam Kübra Baka Kılıç ilə görüşüblər. Görüşdə Azərbaycan və Türkiyə arasında mövcud qardaşlıq münasibətləri, diaspor fəaliyyətinin gücləndirilməsi, regional əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonra onlar Taşlıçay Bələdiyyəsini ziyarət edib, bələdiyyə sədri Mehmet Ali Budakla görüşüblər. Görüşdə yerli özünüidarəetmə sahəsində təcrübə mübadiləsi, şəhərlərarası əməkdaşlıq imkanları və ortaq ictimai-mədəni layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Daha sonra Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyasının sədri Adalet Turanın Taşlıçay qəsəbəsində valideynlərinin xatirəsinə şəxsi vəsaiti hesabına inşa etdirdiyi məktəb də ziyarət edilib. Məktəblə tanışlıq zamanı təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qonaqlar bu təşəbbüsü yüksək qiymətləndirib, təhsilin inkişafına verilən töhfənin gənc nəslin yetişməsində mühüm rol oynadığını vurğulayıblar.
Görüşlər qarşılıqlı fikir mübadiləsi, gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.