“Qərbi Azərbaycan və Qarabağ dövri mətbuatda” mövzusunda tədbir keçirilib
9 iyun 2026-cı il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Qərbi Azərbaycan və Qarabağ dövri mətbuatda” mövzusunda tədbir keçirilib.
Crossmeda.az xəbər verir ki, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin təşkilatçılığı ilə keçirilmiş tədbiri giriş nitqi ilə elmi-tədqiqat müəssisəsinin direktoru akademik Teymur Kərimli açıb, tədbirin bu cür mühüm tarixi və elmi əhəmiyyətli mövzuya həsr olunmasını yüksək qiymətləndirib. Qərbi Azərbaycan və Qarabağın yerli mətbuat tarixinə nəzər salan alim bu irsin öyrənilməsinin milli dövlətçilik maraqlarımız baxımından aktuallığını qeyd edib. Bildirib ki, vaxtilə Qərbi Azərbaycan və Qarabağ ərazisində nəşr olunmuş regional dövri mətbuat orqanları bizim milli və mədəni yaddaşımızın ən etibarlı daşıyıcılarıdır. Akademik həmçinin bu zəngin irsin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində rəhbəri olduğu müəssisədə saxlanılan ilkin mənbələrin və arxiv materiallarının müstəsna rol oynadığını diqqətə çatdırıb.
Daha sonra çıxış üçün söz məruzəçilərə verilib.
Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d., professor Raqub Kərimov, həmin şöbənin aparıcı elmi işçisi fil.ü.f.d. Tünzalə Seyfullayeva, elmi işçiləri – Sevinc Muxtarova və Ramidə Abbasova, baş mütəxəssisi Zərifə Haqverdiyeva və mütəxəssisi Vəfa Şərifova mövzuya uyğun məruzələrində Mirzə Fətəli Axundov və Qarabağ ədəbi mühitindən, mətbuatımızın inkişafında Qarabağ ziyalılarının rolundan, Qərbi Azərbaycanın 1918-1920-ci illərdəki vəziyyətinin “Azərbaycan” qəzetində təsvirindən, Bala Əfəndiyevin həyat yolu və onun Qərbi Azərbaycanda latın qrafikalı əlifba hərəkatına verdiyi töhfələrdən, görkəmli şair, pedaqoq Nuşirəvan Kərimovun mətbuat fəaliyyətindən, o cümlədən “Molla Nəsrəddin” jurnalında Qarabağ və Cənubi Qafqazda birgəyaşayış ideyalarından söz açıblar.
Tədbir çərçivəsində İnstitut Kitabxanasının mövzuya uyğun hazırladığı, Milli mətbuatımızı və Qarabağ ədəbi mühitini özündə əks etdirən kitab sərgisi nümayiş olunub.
Sonda tədbir iştirakçılarının xatirə şəkli çəkilib.
20:23 10.06.2026
Oxunuş sayı: 47