Rəqəmsal dünya uşaqları özünə çəkir: mütəxəssislər xəbərdarlıq edir
Uşaqların sosial şəbəkələrdən istifadəsinin psixi sağlamlığa təsiri dünyada geniş müzakirə olunur. Bir tərəfdən, sosial şəbəkələrdən həddindən artıq istifadə depressiya və narahatlıq riskləri ilə əlaqələndirilir, digər tərəfdən isə bu platformalar ünsiyyət və informasiya əldə etmək imkanları yaradır. Bu səbəbdən uşaqların rəqəmsal təhlükəsizliyinin necə təmin olunacağı aktual məsələlərdən biri olaraq qalır. Crossmedia.az olaraq mövzu ilə ekspertlərin rəyini öyrəndik.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli mövzunu şərh edərək bildirib ki, rəqəmsal tənzimləmə “qadağa mərkəzli” deyil, “risk mərkəzli” olmalıdır.

Onun sözlərinə görə, müasir dünyada sosial şəbəkələr təhsil, özünüifadə və ictimai iştirak üçün mühüm platformaya çevrilib. Əsas məqsəd yeniyetmələri rəqəmsal mühitdən təcrid etmək deyil, həmin mühiti onlar üçün daha təhlükəsiz etməkdir.
Deputat beynəlxalq təcrübəyə toxunaraq vurğulayıb ki, inkişaf etmiş ölkələr artıq vahid məhdudiyyətlərdən çox, hədəflənmiş müdafiə mexanizmlərinə üstünlük verir: “Avropa İttifaqının yanaşması hər kəsə eyni qadağanı tətbiq etmək deyil, uşaqlar üçün risk yaradan sahələrdə əlavə qoruyucu sistemlər qurmaqdır. Məqsəd uşağı internetdən uzaqlaşdırmaq yox, təhlükəni onun yolundan çəkməkdir.”
O həmçinin yaşa uyğun rəqəmsal dizayn prinsipini “platformaların uşağa uyğunlaşdırılması” kimi xarakterizə edib: “Böyük Britaniya və bir sıra ölkələrdə tətbiq olunan model platformalardan tələb edir ki, məhsullar uşaqların psixoloji və fizioloji xüsusiyyətlərinə uyğunlaşdırılsın. Geolokasiya, şəxsi məlumatların qorunması və zərərli kontentin filtrlanması bu yanaşmanın əsas hissəsidir.”
Mirzəbəyli valideyn nəzarəti məsələsinə də diqqət çəkərək balansın vacibliyini ön plana çıxarıb: “Həddindən artıq nəzarət də nəticə vermir. Valideynlər üçün alətlər olmalıdır, amma eyni zamanda yeniyetmənin informasiya əldə etmək və ünsiyyət hüququ da qorunmalıdır.”
Onun fikrincə, rəqəmsal təhlükəsizliyin ən güclü qalxanı texnologiya yox, bilikdir: “Heç bir hüquqi mexanizm rəqəmsal savadlılığı əvəz etmir. Ona görə də kibertəhlükəsizlik, rəqəmsal etika və məlumat qorunması məktəb proqramlarının ayrılmaz hissəsi olmalıdır.”
Deputat sonda bildirib ki, Azərbaycanda müzakirə edilən qanun layihəsi qlobal tendensiyaların davamıdır və əsas məqsəd platformaların məsuliyyətini artırmaqdır: “Burada məqsəd məhdudlaşdırmaq deyil, məsuliyyəti artırmaqdır. Sosial şəbəkələr uşaqlar və yeniyetmələr qarşısında daha cavabdeh olmalıdır. Qanunun real gücü isə onun necə tətbiq olunacağında gizlidir.”
Fəlsəfə doktoru, sosioloq Hüseyn İbrahimov düşünür ki, sosial şəbəkələrin uşaqların, yeniyetmələrin həyatına təsirləri bu gün bütün dünyanın qaçılmaz probleminə çevrilib.

“Yaxın aylarda ABŞ-da bir neçə ailənin müəyyən sosial şəbəkə platformalarının uşaqlarda yaratdığı asılılığa görə onları məhkəməyə verməsi faktı ilə rastlaşdıq. Sosial şəbəkələr bu gün insanların həyatına elə daxil olub ki, institusional formaya çevrilib. Yalnız bu sahədə qəbul olunmuş qanunlar və məhdudiyyət yaradan sanksiyalarla bu mənfi stereotiplərdən qorunmaq mümkündür”, – deyə sosioloq qeyd edib.
Hüseyn İbrahimovun sözlərinə görə, Azərbaycanda da yaxın 1 il ərzində bu istiqamətdə müvafiq qanunvericilik məsələləri qüvvəyə minəcək. Hazırda həmin qanun layihələrinin işlənməsi gedir.
Sosioloq vurğulayıb ki, əsas məsələ cəmiyyətin strukturunu, xüsusən gənc və yeniyetmə nəslin tərbiyəsini bu cür neqativ təsirlərdən qorumaqdır: “Sosial şəbəkələrdən asılılıq yalnız tərbiyə və təhsilə deyil, həm də özünəqapanmaya, sosiallaşma prosesinin azalmasına, nitq qabiliyyətinin zəifləməsinə və digər problemlərin yaranmasına səbəb olur. Kiçik yaşlardan valideyn nəzarətindən kənar sosial şəbəkələrdə vaxt keçirən uşaqlarda, yeniyetmələrdə onlayn asılığın baş verməməsi mümkün deyil. Bu mütləq baş verir”.
Hüseyn İbrahimov bildirib ki, hal-hazırda ölkəmizdə azyaşlı uşaqların və yeniyetmələrin sosial şəbəkə platformalarından istifadə yaş həddinin müəyyən olunması, valideyn razılığının tələb olunması məsələləri üzərində iş gedir: “Güman edirik ki, bu, gələcəkdə cəmiyyətimizin daha sağlam tərzdə bu neqativlərdən qorunmasını artıracaq. Platformalar günbəgün artdıqca, onlardan qorunmaq üçün də yeni sanksiyalaşmış platformaların, sosial nəzarət alətlərinin artırılması tələb olunur”.
Sosioloqun fikrincə, ən böyük nəzarət fərdin öz üzərində olan sosial nəzarətdir: “Təssüf ki, sosial şəbəkələrdən asılılıq yeniyetmə və gəncləri məhz bu pozitiv tendensiyadan uzaqlaşdırır və bir çox reqressiv amilləri artırır. Bu da gələcək nəslin sağlamlığı üçün təhlükə yaradır”.
Hüseyn İbrahimov xüsusilə 12-17 yaş arasının riskli dövr olduğunu deyib: “Bu yaşda formalaşan yaradıcılıq dövründə sosial şəbəkələr uşaqların potensialının üzə çıxmasına əngəl olur. Süni intellekt vasitəsilə asan şəkildə bilik əldə edən yeniyetmələr mütaliədən uzaqlaşırlar”.
Sosioloqun fikrincə, burada əsas balans sosial nəzarət platforması üzərində qurulmalıdır: “Fərdin – istər uşaq, istər yeniyetmə, istər gənc olsun – öz üzərində sosial nəzarətini itirməməsi, əksinə artırması üçün maarifləndirmə aparılmalıdır. Bu meyarları qorumaq üçün həm qanunvericilik normaları, həm də ailə institutu mühüm rol oynamalıdır. Hüquqi normaların necə yerinə yetiriləcəyi məsələsində ailə institutunun məsuliyyətinin artırılması bu təhdidlərin qarşısının alınmasında mühüm balans ola bilər”.
İngla Kids and Preschool-un direktor müavini, psixoloq Aysu Həsənova bildirib ki, hər gün sosial şəbəkələrin uşaqlarda diqqət problemi yaratdığı, narahatlığı artırdığı, özünəinamı azaltdığı barədə məlumatlar eşidilir. Uşaq gün ərzində saatlarla ekrana baxır, başqalarının həyatını izləyir, özünü onlarla müqayisə edir və aldığı bəyənmələrin sayını öz dəyərinin göstəricisi kimi qəbul edir.

“Belə vəziyyətdə sosial mediada gördüyü ‘mükəmməl’ görüntülər uşağa reallıq kimi təqdim olunur. Uşağın beyni hələ inkişaf mərhələsindədir və o, gördüyü hər məlumatı böyüklər qədər tənqidi şəkildə qiymətləndirə bilmir. Nəticədə öz həyatını kifayət qədər yaxşı hesab etmir”, – deyə psixoloq vurğulayıb.
Lakin Aysu Həsənovanın sözlərinə görə, sosial şəbəkələr hamı üçün eyni təsirə malik deyil: “Təsir uşağın yaşından, xarakterindən, ailə mühitindən, özünəinam səviyyəsindən və istifadə məqsədindən asılıdır. Kimsə üçün bu, stress və müqayisə mənbəyidirsə, digəri üçün öyrənmək, yaradıcılığını göstərmək və dostlarla əlaqə saxlamaq vasitəsidir”.
Psixoloq tam qadağanın problemin ən doğru həlli olmadığını deyir: “Bugünkü uşaqlar rəqəmsal dünyada böyüyürlər. Onları bu dünyadan tam uzaqlaşdırmaq nə mümkündür, nə də effektivdir. Qadağalarla böyüyən uşaq təhlükələrlə qarşılaşanda necə davranacağını bilmir. Əsas məqsəd isə uşağın təhlükələri tanıması və onlardan qorunmağı bacarmasıdır”.
Aysu Həsənova vurğulayıb ki, burada əsas məqam rəqəmsal savadlılıqdır: “Uşaqlara yolu keçməyi öyrətdiyimiz kimi, internetdə də təhlükəsiz hərəkət etməyi öyrətməliyik. Uşaq bilməlidir ki, internetdə hər məlumat doğru deyil, hər insan etibarlı deyil və hər paylaşım gördüyü qədər mükəmməl deyil. O, şəxsi məlumatlarını necə qorumağı, kiberzorakılıqla qarşılaşanda nə etməli olduğunu və sosial şəbəkələrin emosiyalarına təsirini anlamalıdır”.
Psixoloqun fikrincə, ən sağlam yanaşma nə tam sərbəstlik, nə də sərt qadağalardır: “Valideyn nəzarəti ilə uşağın maarifləndirilməsi arasında balans olmalıdır. Kiçik yaşlarda müəyyən məhdudiyyətlər vacibdir. Yaş artdıqca isə nəzarətin yerini etibar, dialoq və maarifləndirmə tutmalıdır. Çünki məqsəd uşağın telefondan istifadə etməməsi deyil, ondan şüurlu istifadə etməsidir”.
Aysu Həsənova yekunda qeyd edib ki, gələcəyin problemi uşaqların sosial şəbəkələrdən istifadə edib-etməməsi deyil: “Onlar onsuz da istifadə edəcəklər. Əsas sual budur: biz onları bu rəqəmsal dünyaya nə qədər hazırlaya bilirik? Əgər uşaq hansı məzmunun zərli olduğunu, hansı məlumatın yalan ola biləcəyini və psixoloji sağlamlığını necə qoruya biləcəyini bilirsə, sosial şəbəkələr təhlükədən çox imkan vasitəsinə çevrilə bilər”.
“Uşaqların psixi sağlamlığını qorumağın ən təsirli yolu sadəcə qadağa qoymaq deyil. Onlara düzgün istifadə etməyi öyrətmək, açıq ünsiyyət qurmaq və rəqəmsal dünyada sağlam seçimlər etmələri üçün bacarıqlar qazandırmaqdır. Çünki gələcəkdə onları qoruyacaq şey nəzarət deyil, qazandıqları şüur və məlumat olacaq”, – deyə psixoloq yekunlaşdırıb.
Son dövrlər təhsil müəssisələrində, istər dövlət, istər özəl olmaqla, şagirdlərin davranışlarında deviant halların artması da müşahidə olunur. Təhsil eksperti Elçin Əfəndi mövzu barəsində bildirib ki, bu xoşagələn vəziyyət deyil.

Ekspertin sözlərinə görə, belə halların çoxalmasının səbəbi yaşadığımız informasiya əsri ilə bağlıdır: “Hər gün texnoloji alətlər yenilənir. Yeni sosial platformalar, tətbiqlər, süni intellekt və ona bağlı texnologiyaların inkişafı şagirdlərin, eyni zamanda uşaqların davranışına mənfi təsir göstərir. Buraya online və offline aqressiv oyunlar da daxildir. Şagirdlər orada gördükləri mənzərəni real həyatda tətbiq etməyə maraq göstərirlər”.
Elçin Əfəndi hesab edir ki, problemin həlli üçün ilk növbədə valideynlər məsuliyyətlə yanaşmalıdır: “Valideynlər övladlarına ağıllı telefon verərkən “Valideyn nəzarəti” funksiyasından istifadə etməlidir. Onlar maraqlanmalıdırlar ki, övladları hansı tip, hansı kontentli paylaşımlara maraq göstərir. İstər sosial şəbəkələr, istər oyunlar olsun, bunun məsuliyyətlə izlənməsi vacibdir”.
Ekspert qeyd edib ki, bundan sonra məsuliyyət təlim-tərbiyə prosesində iştirak edən təhsil müəssisələrinin üzərinə düşür. Üçüncü səviyyədə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müntəzəm olaraq şagirdlər və ailələrlə görüşlər keçirməli, maarifləndirici xarakterli informasiyalar verməlidir.
Elçin Əfəndinin fikrincə, media da bu prosesdə mühüm rol oynayır: “Televiziya, saytlar, xəbər portalları, qəzetlər, jurnallar maksimum bayağı və şou-biznes istiqamətində deyil, milli-vətənpərvərlik, təhsil və intellektual istiqamətdə verilişlər və platformalar yaratmalıdır”.
Təhsil eksperti məktəblilərin geyim və görünüşündə də problemlərin artdığını vurğulayıb: “Nazirlər Kabinetinin qərarı ilə vahid məktəbli geyim forması var, amma yenə də bu formadan kənara çıxma halları, xüsusilə yuxarı siniflərdə müşahidə olunur. Oğlan şagirdlərin saqqal qoyaraq təhsil müəssisəsinə gəlməsi də etik və estetik görünüşə diqqətsizliyin göstəricisidir. Bunların hamısı vacib şərtdir”.
Elçin Əfəndi bildirib ki, bu tendensiya təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində müşahidə olunur: “Şagirdlər davranışlarında kənara çıxmağa daha çox meyillidirlər. Bunun səbəbləri çoxdur: kriminal aləmə maraq, sosial platformalarda “daha yaxşı həyat” yaşayan insanları görüb onlar kimi olmaq cəhdi və s. Təssüf ki, bütün bunlar onların davranışına təsir edir”.
Ekspertin fikrincə, məsələnin həlli üçün aidiyyəti qurumlar – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, təhsil müəssisələri və valideynlər birlikdə işləməlidir: “Yalnız bu məsuliyyəti artırmaqla baş verə biləcək xoşa gəlməz halların qarşısını ala bilərik”.
Nigar Xəlilli
18:33 09.06.2026
Oxunuş sayı: 132