Tramp administrasiyası 1,8 milyard dollarlıq “anti-silahlaşdırma” fondundan imtina etdi
ABŞ-nin Tramp administrasiyası hökumət tərəfindən ədalətsiz şəkildə hədəf alındığını və ya istintaqa məruz qaldığını iddia edən şəxslərə kompensasiya ödənilməsi üçün nəzərdə tutulan 1,8 milyard dollarlıq (təxminən 1,3 milyard funt sterlinq) fondun yaradılması planından imtina edib.
Crossmedia.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata əsasən, baş prokurorun səlahiyyətlərini icra edən Todd Blanche Konqres üzvlərinə bildirib: “Biz bu fondla bağlı irəliləməyəcəyik, nöqtə”.
Sözügedən “anti-silahlaşdırma” fondu ABŞ Daxili Gəlirlər Xidmətinə (IRS) qarşı Donald Trampın qaldırdığı və onun vergi bəyannamələrinin sızdırılması ilə bağlı iddia çərçivəsində elan olunmuşdu.
Qeyd edək ki, bu plan Demokratlar və bəzi Respublikaçılar tərəfindən ciddi tənqid edilib. Onların fikrincə, bu mexanizm 2021-ci il 6 yanvar Kapitol hadisələri ilə bağlı məhkum edilmiş şəxslərə, o cümlədən polis əməkdaşlarına hücumda təqsirli bilinənlərə də ödənişlərin edilməsinə yol aça bilərdi.
08:10 03.06.2026
Oxunuş sayı: 44