İran XİN sözçüsü açıqladı: Danışıqların taleyi sual altındadır
İran Xarici İşlər Nazirliyi ABŞ ilə aparılan danışıqlarla bağlı yeni açıqlama yayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında çıxış edərək danışıqlar prosesinin əvvəldən etimadsızlıq şəraitində başladığını və hazırda tərəflər arasında yaranan atmosferin bu vəziyyəti daha da dərinləşdirdiyini bildirib.
Onun sözlərinə görə, diplomatiya güc siyasətinin alternativi deyil və bu iki anlayış bir-birindən fərqləndirilməlidir. Bəqayi qarşı tərəfin tez-tez mövqe dəyişməsi, ziddiyyətli tələblər irəli sürməsi və media vasitəsilə fərqli mesajlar göndərməsinin danışıqlar prosesini çətinləşdirdiyini qeyd edib.
XİN sözçüsü ABŞ və İsrailin ayrı aktorlar kimi qiymətləndirilməsinin mümkün olmadığını iddia edərək, regionda, xüsusilə Livanda baş verən hadisələrin ABŞ-nin dəstəyi ilə əlaqəli olduğunu vurğulayıb.
Bəqayi həmçinin bildirib ki, hazırkı mərhələdə nüvə proqramı ilə bağlı detallı müzakirələr aparılmır və əsas diqqət müharibənin dayandırılmasına yönəlib.
O, ABŞ rəsmilərinin İrana dair maliyyə iddialarına da toxunaraq, nüvə sazişi dövründə qaytarılan vəsaitlərin xarici yardım deyil, İran xalqına məxsus və dondurulmuş aktivlər olduğunu qeyd edib.
Sözçünün sözlərinə görə, Tehran hər hansı güzəşt tələb etmir, əksinə, xaricdə dondurulmuş İran aktivlərinin geri qaytarılmasını və ölkənin hüquqlarının bərpasını tələb edir.
16:53 01.06.2026
Oxunuş sayı: 50