SEPAH-dan cavab hücumu: Sirik bölgəsində hədəflərin vurulduğu açıqlanıb
İranda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin həyata keçirdiyi zərbələrdən sonra cavab əməliyyatı keçirdiyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, SEPAH bu gün səhər saatlarında yaydığı bəyanat və videogörüntülərdə İranın Sirik bölgəsinə yönələn hücumun mənbəyinin hədəfə alındığını bildirib.
Məlumata görə, bu açıqlama Küveyt Müdafiə Nazirliyinin ölkənin hava hücumundan müdafiə sistemlərinin raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların qarşısını aldığını elan etməsindən qısa müddət sonra verilib.
SEPAH bəyanatında konkret ölkənin adı çəkilməsə də, Aerokosmik Qüvvələrin qırıcılarının “təcavüzün qaynaqlandığı hərbi hava bazasını” vurduğu və müəyyən edilmiş hədəflərin məhv edildiyi qeyd olunub.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son iki gün ərzində Sirik bölgəsinin qərbində yerləşən Qoruq ərazisi və Qeşm adasında İranın radar mövqelərinə, eləcə də pilotsuz uçuş aparatlarının komanda-idarəetmə mərkəzlərinə qarşı “özünümüdafiə məqsədli” zərbələr endirdiyini açıqlamışdı.
Hadisələrin ardıcıl şəkildə baş verməsi regionda gərginliyin daha da artdığı kimi qiymətləndirilir.
16:45 01.06.2026
Oxunuş sayı: 54