Ərdoğan: Türkiyə və Azərbaycan enerji layihələrində strateji tərəfdaşlığını gücləndirir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan region üçün vaxtilə xəyal hesab olunan iri enerji layihələrini uğurla həyata keçirməyə davam edir.
Crossmedia.az xəbər verir ki, Türkiyə prezidentinin Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanladığı müraciəti ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib.
Ərdoğan qeyd edib ki, Ankara və Bakının enerji strategiyasının uğuru Xəzər regionunda baş verən son proseslərlə bir daha təsdiqlənir. O, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP layihələrini, həmçinin Azəri-Çıraq-Günəşli yataqları və Şahdəniz yatağı üzrə əməkdaşlığı xatırladıb.
Türkiyə lideri bildirib ki, “Şəfəq-Asiman” layihəsi iki ölkə arasında inkişaf edən enerji tərəfdaşlığının növbəti göstəricisidir. O, həmçinin İğdır-Naxçıvan qaz kəməri layihəsinin Naxçıvanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Ərdoğan Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında yaşıl elektrik enerjisinin təchizatı layihəsinin də uğurla həyata keçiriləcəyinə ümid etdiyini bildirib.
Prezident əlavə edib ki, ötən il Ankara və Bakının birgə təşəbbüsü ilə Azərbaycan qazının Suriyaya tədarükünə başlanılıb. O, həmçinin Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən ixracı üçün geniş imkanların mövcud olduğunu və Qazaxıstan enerji resurslarının Qərb bazarlarına çatdırılmasında Bakı-Tbilisi-Ceyhan kəmərinin rolunun artdığını qeyd edib.
15:38 01.06.2026
Oxunuş sayı: 45