Pezeşkianın geyimi müzakirə mövzusuna çevrildi - FOTO
İran Prezidenti Məsud Pezeşkianın rəsmi iclasda qeyri-rəsmi geyimdə iştirak etməsi ölkədə və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Prezident su böhranının idarə olunmasına həsr edilmiş Hökumət–Universitet Əməkdaşlıq Şurasının iclasına qısaqol polo köynəklə qatılıb. İclas zamanı Pezeşkian enerji sərfiyyatına qənaət edilməsinin vacibliyini vurğulayaraq iştirakçılara kondisionerlərin temperaturunu azaltmaq əvəzinə pencəklərini çıxarmağı tövsiyə edib.
Prezidentin bu addımı sosial mediada fərqli reaksiyalarla qarşılanıb. Bir qrup istifadəçi bunu ölkədəki enerji və su problemlərinə diqqət çəkmək məqsədi daşıyan simvolik mesaj kimi qiymətləndirib. Onların fikrincə, Pezeşkianın sadə geyim seçimi dövlət qurumlarında enerji qənaətinin təşviqinə yönəlmiş nümunəvi addımdır.
Digər tərəfdən, bəzi sosial media istifadəçiləri prezidentin rəsmi tədbirdə bu formada iştirakını dövlət başçısı statusuna uyğun hesab etmədiklərini bildiriblər. Onlar ölkənin üzləşdiyi iqtisadi və sosial problemlər fonunda geyim mövzusunun ictimai gündəmin əsas müzakirə predmetinə çevrilməsini də tənqid ediblər.
Beləliklə, su və enerji böhranı ilə bağlı keçirilən iclasın məzmunundan daha çox prezidentin geyim tərzi ictimaiyyətin diqqət mərkəzinə düşüb.

13:23 01.06.2026
Oxunuş sayı: 50