ABŞ-nin zərbələrindən sonra Tehran cavab əməliyyatına başlayıb
ABŞ Mərkəzi Komandanlığı İranın cənubundakı hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, CENTCOM-un məlumatına görə, əməliyyatlar İranın Goruk bölgəsi və Qeşm adasında yerləşən radar obyektləri və pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzlərini hədəf alıb.
Bildirilib ki, zərbələr ABŞ-yə məxsus MQ-1 pilotsuz təyyarəsinin beynəlxalq sular üzərində vurulmasına cavab olaraq şənbə və bazar günləri həyata keçirilib. ABŞ tərəfi əməliyyatın müdafiə xarakteri daşıdığını vurğulayıb.
CENTCOM həmçinin qeyd edib ki, əməliyyat zamanı bölgədə gəmiçilik üçün təhlükə hesab edilən hava hücumundan müdafiə sistemləri, bir idarəetmə stansiyası və iki hücum dronu məhv edilib.
İslam İnqilabı Keşikçiləri Korpusu isə ABŞ zərbələrinə cavab veriləcəyini bəyan edib. Daha sonra İranın Küveytdə yerləşən ABŞ hərbi bazasına ballistik raketlər atdığı bildirilib.
Küveyt Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin ölkə ərazisi üzərində raket və pilotsuz aparat hücumlarının qarşısını aldığını açıqlayıb.
09:56 01.06.2026
Oxunuş sayı: 56