Eyni dünyada iki fərqli uşaqlıq: biri xoşbəxt, biri yarımçıq
Bu gün Uşaqlar Günüdür. Dünya üzrə bu gün 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Hər il 1 iyun tarixində dünya Uşaqlar Gününü qeyd edir. Şəhərlər rənglənir, parklar uşaqların səsi ilə dolur, məktəblərdə şənliklər keçirilir, sosial şəbəkələr gülən uşaq şəkilləri ilə bəzənir. Hər yerdə eyni cümlə təkrarlanır: “Uşaqlar bizim gələcəyimizdir”. Amma bu cümlə nə qədər doğru səslənsə də, hər uşaq üçün eyni reallığı ifadə etmir. Çünki bu dünyada uşaqlıq tək bir formada yaşamır. Bir tərəfdə gülüş var, digər tərəfdə səssizlik. Bir tərəfdə oyun var, digər tərəfdə mübarizə. Bir tərəfdə qayğısızlıq var, digər tərəfdə vaxtından əvvəl böyümək məcburiyyəti.
Uşaqlıq insan həyatının ən saf, ən kövrək və ən həssas dövrüdür. İnsan dünyanı ilk dəfə o dövrdə tanıyır, sevgi və etibar anlayışını orada formalaşdırır. Bir uşaq üçün dünya sadədir: oyuncaqlar, dostlar, ailə qucağı, məktəbə ilk addım, kiçik sevinclər. Hər şey tez unudulan incikliklər və tez gələn gülüşlər üzərində qurulub. Uşaqlıqda həyat ağır deyil, çünki məsuliyyət paylaşılır, qorxu tanınmır, sabah qeyri-müəyyən deyil, sadəcə maraqlıdır. Bu uşaqlar üçün dünya hələ təhlükə ilə dolu deyil, çünki onların arxasında dayanan bir şey var: ailə, qayğı və təhlükəsizlik.
Amma eyni dünyada başqa uşaqlar da var. Elə uşaqlar ki, onların səhəri oyuncağın səsi ilə yox, həyatın ağırlığı ilə açılır. Məsələn, bir silah səsi, bir düşmən səsi, şəhid olmaq üzrə olan ana səsi: "Özünə yaxşı bax". Elə uşaqlar ki, onlar məktəbə getmək əvəzinə işləməyə, ailəyə kömək etməyə, həyatda qalmağa məcbur qalır. Elə uşaqlar ki, onların uşaqlığı mərhələ-mərhələ yox, qəfil şəkildə yox olur. Elələri də var ki, doğulmadan ölməyə məhkumdur, qız istəmədiklərinə, yaxud tam əksinə oğlan istəmədiklərinə görə öldürülənlər, tərk edilənlər. Onlar çox tez böyüyür, amma bu böyümə təbii deyil, məcburidir.
Dünyanın müxtəlif yerlərində uşaq əməyinin hələ də mövcud olması bu reallığın ən sərt göstəricilərindən biridir. Küçələrdə işləyən, ağır şəraitdə çalışan, təhsildən uzaq qalan minlərlə uşaq var. Onlar üçün “uşaq olmaq” anlayışı çox uzaqdır. Çünki onların gündəlik həyatı oyunla yox, məsuliyyətlə ölçülür. Bəzən bir uşaq ailəsini dolandırmaq üçün çalışır, bəzən isə sadəcə yaşamaq üçün mübarizə aparır.
Bununla yanaşı, zorakılıq və sosial laqeydlik də uşaqlığın görünməyən düşmənləridir. Ailə içi şiddət, emosional baxımsızlıq, sosial müdafiəsizlik bəzi uşaqların həyatında dərin izlər buraxır. Bu izlər görünmür, amma uşağın gözündə, davranışında, susqunluğunda hiss olunur. Bəzi uşaqlar gülməyi öyrənir, amma içindəki yorğunluğu gizlədə bilmir. Bəziləri danışmağı dayandırır, çünki sözlərin dəyişdirdiyi bir şey olmadığını düşünür.
Daha ağır reallıqlar da var. Dünyanın müxtəlif bölgələrində uşaqlar müharibələrin, sosial çöküşlərin və cinayətlərin qurbanına çevrilir. İsraildə müharibənin qurbanına çevrilən, anasız-atasız qalan yetim uşaqlar var.. Afrikada bir suya möhtac olan uşaqlar həyatın ən pis günlərini yaşayırlar.

Bundan əlavə, Türkiyədə son illərdə cəmiyyətin diqqətini çəkən bəzi uşaq qətlləri və itkin hadisələri (məsələn, Narin Güran hadisəsi kimi ictimai rezonans doğuran olaylar) uşaq təhlükəsizliyi mövzusunu yenidən gündəmə gətirdi. Bu cür hadisələr təkcə bir ailənin faciəsi deyil, bütöv bir cəmiyyətin vicdan sınağıdır. Çünki hər itirilən uşaq yalnız bir ailənin yox, bir toplumun gələcəyindən qopan bir parçadır.

Azərbaycanda da uşaq hüquqlarının qorunması istiqamətində ciddi qanunvericilik bazası mövcuddur və dövlət bu sahədə müxtəlif sosial proqramlar həyata keçirir. Lakin buna baxmayaraq, sosial problemlər – yoxsulluq, bəzi ailə daxili çətinliklər, nəzarət mexanizmlərinin zəif olduğu hallar – uşaqların həyatına təsirsiz ötüşmür. Bəzi uşaqların təhsildən uzaq qalması, sosial risklərlə üzləşməsi göstərir ki, uşaqlığın qorunması yalnız qanunlarla deyil, həm də real sosial məsuliyyətlə mümkündür.
Dünya miqyasında isə uşaq hüquqları ilə bağlı statistika daha geniş və daha narahatedicidir. Milyonlarla uşaq məktəbə gedə bilmir, milyonlarla uşaq yoxsulluq içində yaşayır, milyonlarla uşaq isə təhlükəli əmək şəraitində böyüyür. Bu rəqəmlər sadəcə rəqəm deyil, hər biri bir həyatdır, bir hekayədir, bir yarımçıq uşaqlıqdır. BMT və digər beynəlxalq təşkilatlar bu problemlərlə mübarizə aparsa da, reallıq göstərir ki, hələ də görüləcək çox iş var.
Ən vacib həqiqət isə budur: eyni dünyada uşaqlıq iki fərqli üzə sahibdir. Bir uşaq ad günündə şam üfürür, digəri isə sabahı görüb-görməyəcəyini düşünür. Bir uşaq oyuncaq seçir, digəri həyatda qalmaq üçün seçim edir. Bir uşaq “uşaq olmaqdan bezdim” deyir, digəri isə “bir dəfə də olsa uşaq ola bilsəydim” deyə düşünür. Bir uşaq bayram yaxınlaşır deyə sevinir, digəri bayramı valideyninin məzarı başında keçirir. Bu fərq insanı susdurur, düşündürür və ən əsası, məsuliyyət hissi yaradır.
Uşaqlıq sadəcə yaş dövrü deyil, insanın həyat boyu daşıdığı psixoloji və emosional bir izdir. Əgər o dövr sevgi ilə, qayğı ilə və təhlükəsizliklə keçirsə, insanın içində işıq qalır. Əgər o dövr qorxu, laqeydlik və çətinliklərlə doludursa, bu izlər ömür boyu insanın içində yaşayır. Buna görə də uşaqlıq qorunmalı bir dəyərdir, itirilə biləcək bir mərhələ deyil.
Bu gün bizə deyir ki, hər uşaq eyni hüquqa sahib olmalıdır: yaşamaq, öyrənmək, sevilmək və uşaq kimi yaşamaq hüququna. Heç bir uşaq işləməyə məcbur qalmamalıdır, heç bir uşaq qorxu içində böyüməməlidir, heç bir uşaq vaxtından əvvəl böyüməməlidir.
Əgər vaxtı geri çevirmək mümkün olsaydı, heç düşünmədən uşaqlığıma qayıdardım. O qayğısız günlərə, heç bir yükün ağır gəlmədiyi, dünyanın mənə, bizə, sizə sadəcə oyun kimi göründüyü o təmiz illərə… Əlimdə olsa idi, yenə uşaq qalardım. Yenə ərköyün olardım, yenə hər xırda şeyə incinər, yenə ürəyim sıxılanda susmazdım, dərhal ağlayardım… və ən gözəli , bilirdim ki, ağladığım anda hər şey dəyişəcək. Çünki uşaq idim. O vaxtlar bir “istəmirəm” sözüm hər şeyi dəyişərdi. Bir qucaq, bir sığal, bir “oldu” kəlməsi bütün ağrıları yox edərdi. Tək qorxumuz "yemək yeməsək gəlib iynə vuracaq həkim" olardı, "evdən bizi kamerayla izləyən ibtidai sinif müəllimimiz" olardı, "parkda bizi itələyən həmyaşıdlar" olardı, "səhərlər bizi gözləyən cizgi filmləri" olardı.
O zaman, heç nəyi gözləmirdik, hər şey dərhal olurdu, çünki biz hələ böyüməmişdik. Amma böyümək səssizcə çox şeyi itirmək imiş. İstədiyin kimi ağlaya bilməmək, hər şeyi dərhal ala bilməmək, hər incikliyi iki dəqiqəyə unutdura bilməmək imiş. Kaş yenə uşaq olunsaydı, yenə ən böyük dərd oyuncağın sınması olaydı, ən böyük narahatlıq məktəbdə cavab verə bilməmək olaydı, ən böyük sevinci isə bir şirniyyat və ya həyətdə palçıqla oynayacağımız dost olaydı.

Uşaqlar həyatın ən saf, ən təmiz və ən dəyərli hissəsidir. Uşaqlıq təkcə bir dövr deyil, insanın içində ömür boyu yaşadığı ən gözəl xatirədir. Uşaqlar gələcəyin ümidi, işığıdır. Çünki dünya, yalnız uşaqlar güləndə həqiqətən gözəl olur. Məsələn, bir ev uşaqsız çox sakit olar. Bir ana uşaqsız çox tənha olar..
09:00 01.06.2026
Oxunuş sayı: 98