Orbanın BMT-də yüksək vəzifəyə təyin edilə biləcəyi iddia olunur
Macarıstanın keçmiş baş naziri Viktor Orbanın Birləşmiş Millətlər Təşkilatında (BMT) yüksək vəzifəyə təyin olunması imkanları nəzərdən keçirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “VSquare” nəşri məlumat yayıb.
Bildirilir ki, ABŞ-də aparılan müzakirələrdə Orban üçün diplomatik immunitet təmin edə biləcək postun verilməsi variantı da gündəmdədir.
1946-cı il BMT-nin imtiyazlar və immunitetlər haqqında Konvensiyasına əsasən, tam diplomatik immunitet yalnız Baş katib, onun müavinləri və köməkçilərinə şamil olunur. Bu status onları demək olar ki, bütün hüquqi təqiblərdən, o cümlədən cinayət məsuliyyətindən qoruyur.
Qeyd olunur ki, immunitet təkcə məmura deyil, onun həyat yoldaşı və azyaşlı uşaqlarına da şamil edilir. BMT-nin bəzi xüsusi qurum rəhbərləri də tam diplomatik toxunulmazlığa malik ola bilirlər.
Daha aşağı səviyyəli BMT rəsmiləri isə məhdud immunitetə sahib olur və bu qoruma yalnız onların rəsmi vəzifələri çərçivəsindəki fəaliyyətlərinə aiddir.
13:25 31.05.2026
Oxunuş sayı: 53