Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi, müdafiə nazirinin köməkçisinin müavini Endryu Lumis Azərbaycanın geostrateji əhəmiyyətini vurğulayaraq ölkəni ABŞ üçün mühüm tərəfdaş adlandırıb.
Crossmedia.az-ın məlumatına görə, o, Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə keçirilən qəbulda bildirib ki, Azərbaycanın dünyanın mürəkkəb geosiyasi bölgəsində yerləşməsi, həm Türkiyə, həm də İsraillə güclü münasibətlərə malik olması Vaşinqton üçün xüsusi əhəmiyyət daşıyır.
Lumis qeyd edib ki, məhz bu səbəbdən ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Onun sözlərinə görə, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq uzun illərə söykənir və tarixi əhəmiyyət daşıyır.
Pentaqon rəsmisi vurğulayıb ki, Azərbaycan iki onillikdən artıq müddətdə ABŞ ilə çiyin-çiyinə fəaliyyət göstərib və Əfqanıstanı tərk edən son ölkələrdən biri olub.
“Azərbaycanın peşəkar hərbi hazırlıq kurslarında və regional hərbi təlimlərdə iştirakını yüksək qiymətləndiririk. Hərbçilərimiz arasında formalaşan əlaqələr əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Biz sabitlik üçün möhkəm təməl qururuq və bu əməkdaşlıqla dostluğun davam edəcəyinə inanırıq. Əminəm ki, qarşıdakı illərdə müstəsna tərəfdaşlığımız daha da güclənəcək”, – deyə Lumis bildirib.
14:15 30.05.2026
Oxunuş sayı: 42