Əl-Şifa Xəstəxanasında 300-dən çox insan edam edilib
Britaniyalı həkim Nik Meynard İsrail ordusunun Qəzza zolağındakı Əl-Şifa Xəstəxanasında 300-dən çox mülki şəxsi, xəstəni və tibb işçisini edam etdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Meynard bu barədə amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə danışıb. Onun sözlərinə görə, ölənlərin bir hissəsi əlləri bağlı və baş nahiyəsindən güllə yarası almış vəziyyətdə aşkarlanıb.
Həkim bildirib ki, ölənlər arasında onun plastik cərrah həmkarı da olub. Meynardın sözlərinə görə, həmin şəxs anasının yanında, əlləri bağlı və başından güllələnmiş vəziyyətdə tapılıb.
Nik Meynard qeyd edib ki, o, Qəzza zolağında fəaliyyət göstərən və yerli xəstəxanalara dəstək verən beynəlxalq tibb nümayəndə heyətinin üzvü olub və bölgədə baş verən hadisələrin şahidi kimi çıxış edir.
Müsahibə zamanı Taker Karlson Qəzzadakı humanitar vəziyyətə və İsrailin hərbi əməliyyatları zamanı törədildiyi iddia olunan pozuntulara toxunub.
Karlson müsahibəni X sosial şəbəkəsində paylaşarkən yazıb: “Bir gün hər bir Holokost muzeyində Qəzzada baş verənlərlə bağlı sərgi olacaq. Bu, sadəcə zaman məsələsidir. Oksford Universitetinin Tibb Fakültəsindən Dr. Nik Meynard soyqırımın şahidi olub”.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı müstəqil təsdiq təqdim olunmayıb və İsrail tərəfinin mövqeyi açıqlamada yer almayıb.
09:53 30.05.2026
Oxunuş sayı: 70