BƏƏ İrana qarşı əməliyyatlar aparıb
ABŞ-nin nüfuzlu nəşri "The Wall Street Journal" Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İrana qarşı hərbi əməliyyatlarda gizli şəkildə iştirak etdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, nəşrin məlumatına görə, BƏƏ qüvvələri münaqişənin 28 fevralda başlamasından 2026-cı ilin aprelində əldə olunan atəşkəsədək İran ərazisində yerləşən bir sıra hədəflərə, o cümlədən Bəndər Abbas şəhərinə, Qeşm və Əbu Musa adalarına, eləcə də Hörmüz boğazındakı obyektlərə zərbələr endirib.
Məqalədə qeyd olunur ki, əməliyyatlar ABŞ və İsrailin təqdim etdiyi kəşfiyyat məlumatları əsasında koordinasiya olunub. Nəşrin amerikalı, israilli və regional rəsmilər arasında olan mənbələri bəzi zərbələrin birgə həyata keçirildiyini, hədəflər sırasında İranın hərbi və logistika infrastrukturunun olduğunu iddia ediblər.
"The Wall Street Journal" həmçinin BƏƏ ilə Səudiyyə Ərəbistanı arasında bu məsələ ilə bağlı fikir ayrılıqlarının mövcud olduğunu yazır. Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fars körfəzi ölkələrinin müharibəyə cəlb olunmasına qarşı çıxıb və bunun İranın regiondakı neft infrastrukturuna qarşı cavab addımlarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Məqalə siyasi şərhçi və BƏƏ rəhbərliyinin keçmiş müşaviri Əbdülxaliq Abdullahın sosial şəbəkədə paylaşım etməsindən sonra daha geniş rezonans doğurub. Abdullah paylaşımında Əmirliklərin münaqişədəki rolunu müsbət qiymətləndirib. Bu isə ərəb mediasında BƏƏ-nin müharibə dövründəki mövqeyi ilə bağlı yeni müzakirələrə səbəb olub.
Qeyd edək ki, məqalədə yer alan iddialarla bağlı BƏƏ rəsmilərinin rəsmi mövqeyi açıqlanmayıb.

09:36 30.05.2026
Oxunuş sayı: 57