Müstəqilliyə gedən yolu soyqırımla dayandırmaq istədilər
Tarixin bəzi səhifələri vardır ki, onlar sadəcə keçmişin xatirəsi deyil, həm də xalqın yaddaşına həkk olunmuş sağalmaz yaradır. Azərbaycan xalqının XX əsrin əvvəllərində yaşadığı faciələr məhz belə səhifələrdəndir. 1918-ci ilin mart soyqırımı hadisələri yalnız insan tələfatı ilə nəticələnmiş qanlı qırğın deyil, eyni zamanda Azərbaycan xalqının siyasi gələcəyinə, milli iradəsinə və müstəqillik yoluna vurulmuş ağır zərbə idi. Həmin dövrdə xalqımızın istiqlala doğru atdığı addımlar bolşevik və daşnakların birləşmiş qüvvələri soyqırım, qorxu və terror vasitəsilə dayandırılmağa çalışıldı.
1917-ci ildə Rusiya imperiyasının süqutu Cənubi Qafqaz xalqları üçün yeni siyasi imkanlar yaratmışdı. Azərbaycan xalqı da bu tarixi məqamdan istifadə edərək milli özünüdərkini gücləndirməyə, siyasi təşkilatlanmaya və müstəqil dövlət quruculuğuna doğru hərəkət etməyə başlamışdı. Lakin milli oyanışın yüksəlişi müəyyən siyasi dairələr tərəfindən təhlükə kimi qəbul olunurdu. Xüsusilə Bakı kimi strateji və iqtisadi baxımdan mühüm şəhərdə hakimiyyət uğrunda gedən mübarizə milli münasibətləri daha da gərginləşdirmişdi.
1918-ci ilin martında Bakı Xalq Komissarları Sovetinin rəhbərliyi altında daşnak silahlı dəstələrinin iştirakı ilə həyata keçirilən hadisələr Azərbaycan tarixinin ən faciəli səhifələrindən birinə çevrildi. Minlərlə günahsız insan yalnız milli və dini kimliyinə görə qətlə yetirildi, yaşayış məntəqələri dağıdıldı, ailələr məhv edildi. Bakı ilə yanaşı Şamaxı, Quba, Qarabağ, İrəvan, Zəngəzur və digər bölgələrdə törədilən qırğınlar göstərirdi ki, məqsəd təkcə siyasi hakimiyyəti qorumaq deyildi. Burada daha dərin bir niyyət – Azərbaycan türklərinin siyasi iradəsini sarsıtmaq, milli müqavimət ruhunu zəiflətmək və gələcək müstəqillik ideyasını boğmaq cəhdi dayanırdı.
Bu hadisələr təsadüfi deyildi. Çünki həmin dövrdə milli düşüncənin aparıcı simaları – Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski və digər ziyalılar Azərbaycanın müstəqil dövlət kimi formalaşması istiqamətində mühüm siyasi fəaliyyət göstərirdilər. Milli Şuranın yaradılması, dövlətçilik ideyasının güclənməsi və xalq arasında milli həmrəyliyin artması bəzi qüvvələri ciddi şəkildə narahat edirdi. Soyqırımı siyasəti isə bu yüksəlişi qan içində boğmaq üçün istifadə olunan vasitəyə çevrilmişdi.
Lakin tarix bir daha sübut etdi ki, terror və qətliam xalqın iradəsini tamamilə sındıra bilmir. Mart faciəsinin ağrılarını yaşayan Azərbaycan xalqı cəmi bir neçə ay sonra – 1918-ci il mayın 28-də Şərqdə ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini qurmağa nail oldu. Bu, soyqırımı ilə dayandırılmaq istənilən istiqlal yolunun əslində daha da möhkəmləndiyini göstərirdi. Xalq ağır itkilər versə də, azadlıq arzusundan geri çəkilmədi.
Bu gün 1918-ci ilin mart hadisələrinə yalnız keçmişin faciəsi kimi baxmaq doğru olmazdı. Həmin hadisələr həm də milli yaddaşın qorunmasının, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasının vacibliyini göstərən bir dərsdir. Tarixi unutmaq onu təkrarlamaq təhlükəsini artırır. Buna görə də xalqımıza qarşı törədilmiş soyqırımların araşdırılması, sənədlərlə öyrənilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması yalnız tarixi borc deyil, həm də milli məsuliyyətdir.
Müstəqilliyə gedən yolu soyqırımla dayandırmaq istədilər. Lakin Azərbaycan xalqı göstərdi ki, qanla susdurulmaq istənilən bir millətin istiqlal arzusu zaman keçdikcə daha da güclənə bilər. Çünki azadlıq ideyası bəzən ən ağır faciələrin içindən doğaraq gələcəyə çevrilir.
Uzun illər 1918-ci il hadisələrinin həqiqi mahiyyətini gizlətməyə, xalqımıza qarşı törədilmiş soyqırımın izlərini unutdurmağa çalışdılar. Baş verən qanlı hadisələr müxtəlif ideoloji pərdələr altında təqdim edildi, faciənin miqyası kiçildildi, qurbanların səsi isə uzun müddət susduruldu. Lakin tarix gizlədilsə də, həqiqət torpağın yaddaşında yaşayırdı. Bu həqiqətin ən dəhşətli sübutlarından biri Qubada aşkar edilən kütləvi məzarlıq oldu. 2007-ci ildə aparılan tikinti işləri zamanı təsadüfən aşkarlanan bu kütləvi məzarlıq, 1918-ci ildə azərbaycanlı əhaliyə qarşı həyata keçirilmiş qırğınların canlı şahidinə çevrildi. Burada aşkarlanan insan qalıqları arasında qadınların, uşaqların və yaşlı insanların olması, onların xüsusi qəddarlıqla qətlə yetirildiyini göstərirdi. Aparılan elmi və arxeoloji tədqiqatlar sübut etdi ki, bu məzarlıq təsadüfi hadisənin deyil, məqsədli şəkildə həyata keçirilmiş kütləvi qətliamın nəticəsidir.
Azərbaycan dövləti bu tarixi həqiqətin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımlar atdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı nəticəsində 2013-cü ildə Quba şəhərində “Quba Soyqırımı Memorial Kompleksi” istifadəyə verildi. Memorial kompleks yalnız faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşımır, eyni zamanda 1918-ci il hadisələrinin dünya ictimaiyyətinə çatdırılması, tarixi həqiqətlərin qorunması və soyqırımı siyasətinin ifşa olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün həmin memorial kompleks xalqımızın yaddaş məkanı olmaqla yanaşı, tariximizin ağrılı, lakin unudulmamalı səhifəsini gələcək nəsillərə çatdıran mühüm bir tarixi ünvan kimi yaşayır.
Təhminə Əliyeva
Tarix üzrə Fəlsəfə Doktoru
ADPU-nun Quba filialının baş müəllimi
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin elmi əməkdaşı
13:52 28.05.2026
Oxunuş sayı: 53