Malidə Müdafiə naziri öldürüldü: Rusiyanın regiondakı əsas müttəfiqi itirildi
Mali dövlətinin Müdafiə naziri Sadio Kamara qiyamçıların hücumu nəticəsində həlak olub.
Bu barədə crossmedia.az Fransanın "Le Figaro" nəşrinə istinadən xəbər verir. Məlumata görə, Kamara Kati şəhərindəki iqamətgahına edilən intiharçı hücumu zamanı ailə üzvləri ilə birlikdə həyatını itirib.
Sadio Kamara Rusiyanın regiondakı ən yaxın müttəfiqlərindən biri və Rusiya Müdafiə Nazirliyinin "Afrika Korpusu" ilə əməkdaşlığın əsas kuratoru hesab olunurdu. Onun ölümü ölkənin şimalında, xüsusilə Kidal və Qao bölgələrində hökumət qüvvələri ilə "Azavad Azadlıq Cəbhəsi" (FLA) və "JNIM" qruplaşması arasında şiddətli döyüşlərin getdiyi bir vaxta təsadüf edir. Qiyamçılar artıq strateji əhəmiyyətli Kidal şəhərini ələ keçirdiklərini bəyan ediblər. Ekspertlər Kamaranın ölümünün Malidəki hərbi xuntanın mövqelərini sarsıdacağını və Rusiyanın regiondakı təsir imkanlarına ciddi zərbə vuracağını proqnozlaşdırırlar.
21:29 26.04.2026
Oxunuş sayı: 54