AMEA-da “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabının təqdimatı olub
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında akademik Yaqub Mahmudovun və professor Tofiq Mustafazadənin “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabının təqdimat mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə akademik Yaqub Mahmudovun əsərlərindən ibarət sərgi ilə tanış olublar. Həmçinin Mərkəzi Elmi Kitabxanada yaradılan “Akademik Yaqub Mahmudovun kitablarından ibarət fond” oxuculara təqdim edilib.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, ictimaiyyətə təqdim olunan “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabında dahi Azərbaycan sərkərdəsi Nadir şah Əfşarın həyat və fəaliyyətindən, işğal olunmuş Səfəvi torpaqlarını, o cümlədən ölkənin paytaxtını yadellilərdən azad etmək uğrunda mübarizəsindən, imperiyanın ərazisini daha da genişləndirməsindən, Hindistanı fəth edərək Səfəvi dövlətindən daha geniş ərazili yeni Azərbaycan Əfşarlar İmperiyası yaratmasından, böyük hökmdarın Türk dünyasında məzhəb ayrılığına son qoymaq siyasətindən bəhs edilir. Yeni nəşrdə Şərq və Qərb mənbələri ilə yanaşı, Rusiya arxiv sənədlərindən və müxtəlif dillərdə nəşr olunmuş tədqiqatlardakı faktik materiallardan istifadə olunmaqla Nadir şah Əfşarın fəaliyyətinə obyektiv qiymət verilir.
Sonra AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru, Dövlət Mükafatı laureatı Güntəkin Nəcəflinin “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı haqqında məruzəsi dinlənilib. O vurğulayıb ki, indiyədək Qərb və Rusiya tarixşünaslığında Nadir şah şəxsiyyətinə qeyri-obyektiv yanaşılıb və dahi sərkərdənin xidmətləri kiçildilib. Ona görə də yeni əsər bu saxtakarlıqlara tutarlı cavabdır. Nadir şah haqqında obyektiv araşdırmaların aparılması və “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kimi əsərlərin yazılması bu gün öz torpaqlarını 30 illik düşmən işğalından qurtarmış bir ölkənin vətəndaşlarına, əsasən də gənclərimizə bu şəxsiyyəti daha obyektiv qiymətləndirmək imkanı verir. Güntəkin Nəcəfli onu da əlavə edib ki, müəlliflər bu əsəri əziz müəllimləri - görkəmli ziyalılarımız Ədhəm Şahmalıyev, Mehdi Erivanski, Səidə İmanzadə, Əli Sultanlı, Əbdülkərim Əlizadə, Bəxtiyar Vahabzadə və Mehbalı Qasımovun əziz xatirəsinə həsr ediblər.
Tədbirdə Milli Məclisin deputatları Anar İsgəndərov, Hikmət Babaoğlu, Vasif Qafarov və Cavanşir Feyziyev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, professor Eynulla Mədətli, Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professor-məsləhətçisi, tarix elmləri doktoru Mehman Süleymanov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Tahirə Həsənzadə çıxış edərək bildiriblər ki, tarix Nadir şah şəxsiyyətini yetişdirməsəydi, Azərbaycan dövlətçiliyinin varlığına Gülüstan (1813) və Türkmənçay (1828) faciələrindən təqribən 100 il qabaq son qoyulacaqdı. Bu qüdrətli sərkərdənin parlaq qələbələri sayəsində yadellilər Azərbaycan dövlətçiliyini məhv edə bilmədilər. Onun qətlə yetirilməsindən sonra isə dövlətçilik mədəniyyətimizi Azərbaycan xanlıqları yaşatdılar.
Sonda AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov tədbirin təşkilinə görə AMEA rəhbərliyinə, MEK-ə və iştirakçılara öz dərin təşəkkürlərini bildirib və gənc nəsli tariximizi sevməyə, öyrənməyə və təbliğ etməyə səsləyib.
Qeyd edək ki, “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabının elmi redaktoru tarix elmləri doktoru Mehman Süleymanov, elmi məsləhətçiləri Dünya Əfşarlar Dərnəyinin başqanı Şərəf Kocakaya və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev, rəyçiləri ortaəsrşünas alimlər Tahirə Həsənzadə, Güntəkin Nəcəfli və İradə Məmmədova, redaktorları tarixçilər Sevinc Məlikzadə, Elnur Nəciyev və Nazim Xəlilov, dizayner və texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.
16:30 16.04.2026
Oxunuş sayı: 54