Premyer Liqada vəziyyət "Qarabağ"ın əleyhinə dəyişib - Şərhçi
Azərbaycan futbolunda uzun illərdir davam edən "Qarabağ" dominantlığı ciddi sınaqla üz-üzədir. Cari mövsümdə Misli Premyer Liqasında yaranan yeni mənzərə, paytaxt təmsilçisi "Sabah"ın liderliyi ələ keçirməsi və sərgilədiyi sistemli oyun futbol ictimaiyyətində "yeni era başlayır" sualını gündəmə gətirib. Turnir cədvəlindəki mövcud durum və komandaların dinamikası çempionluq yarışının taleyinin fərqli istiqamətə yönələcəyindən xəbər verir.
Futbol meydanındakı vəziyyəti "Crossmedia.az" üçün şərh edən futbol eksperti Anar Şabanoğlu bildirib ki, hazırda liqada vəziyyət "Qarabağ"ın əleyhinə dəyişib:
"Liqanın bitməsinə cəmi 6 tur qalıb və mövcud xal fərqini nəzərə alsaq, "Qarabağ" üçün birinciliyi geri qaytarmaq olduqca çətin görünür. Burada əsas məqam təkcə xallar deyil, "Sabah"ın qurduğu fundamental sistemdir. Onlar həm uşaq futbolunda, həm də əsas komandada peşəkar struktur formalaşdırıblar. Bir çox klub əlindəki az resursla ani uğur qazanmaq istəsə də, 'Sabah' ən yaxşıları hədəf alan böyük bir layihədir".
Ekspertin fikrincə, "Qarabağ"ın builki geriləməsi həm də fiziki və psixoloji yorğunluqla bağlıdır:
"Ağdam təmsilçisinin illərdir Azərbaycan futbolu üçün etdikləri və Qurban Qurbanovun əməyi danılmazdır. Lakin Avropadakı ağır oyun qrafiki komandanı daxili çempionatda zəiflətdi. 'Sabah' isə yaranmış bu fürsətdən maksimum yararlanmağı bacardı".
Ekspert, "Sabah"ın uğurunun təsadüfi olmadığını, bunun dövlət tərəfindən ayrılan vəsaitin düzgün idarə olunması və infrastrukturun inkişafı ilə birbaşa bağlı olduğunu vurğulayıb. Onun qənaətinə görə, bir çox klub maliyyə imkanlarını səmərəsiz xərclədiyi halda, "Sabah" akademiyaya və gələcəyə yatırım edərək fərqlənir.
Namiq Atamalıyev
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
19:22 15.04.2026
Oxunuş sayı: 85