Elektromobillər ekologiyaya necə təsir edir?
Son illərdə dünyada ekoloji problemlərin artması alternativ nəqliyyat vasitələrinə marağı xeyli artırıb. Xüsusilə elektromobillər “təmiz gələcəyin” simvolu kimi təqdim olunsa da, onların əsas komponenti olan batareyaların istehsalı və utilizasiyası ətraf mühit üçün yeni suallar yaradır. Bildirmək lazımdır ki, elektromobillər havaya zərərli qazların buraxılmasını azaltsa da, batareya tullantıları torpaq və su resurslarına ciddi təsir göstərə bilər. Bəs bu texnologiya həqiqətən ekoloji xilaskardır, yoxsa gizli risklər daşıyır?

Bu barədə ekoloq İlqar Xəlilov Crossmedia.az-a açıqlama verib: "Həqiqətən də, hazırda elektromobillər ekoloji baxımdan ətraf mühitə demək olar ki, birbaşa ziyan vurmayan nəqliyyatdır. Elektromobillər hərəkəti zamanı birbaşa nə kimyəvi, nə də fiziki çirklənmə yaradırlar. Onlar dolayısı yolla, yəni istifadə etdikləri elektrik enerjisini əgər fosil yanacaqdan istifadə edərək alırlarsa onda ətraf mühit komponentlərini çirkləndirirlər. Eyni zamanda elektromobillərin litium tərkibli batareyası öz ömrünü başa vurduqdan sonra əgər utilizasiya edilməsə onda təbii mühit üçün təhlükə mənbəyi ola bilər. Hazırda həmin batareyaların müasir üsullarla təkrar istifadəsi həyata keçirilir ki, bu da onun istifadəsini təhlükəsiz edir. Ancaq bərpa olunan enerji mənbələrindən əldə olunan enerjidən istifadə edilərsə onda qeyd etdiyimiz ətraf mühitə dolayısı təsir də öz növbəsində aradan qalxacaqdır".
İ.Xəlilov vurğulayıb ki, elektromobillərdən istifadə qlobal iqlim dəyişikliyinə, atmosferin fiziki və kimyəvi çirklənməsinin qarşısının alınmasına müsbət töhfə verə bilər.
Fatimə Məmmədova
18:36 15.04.2026
Oxunuş sayı: 60