Daşdan doğulan həyat, şəhərin yaddaşı və sənətkarın izi - Ömər Eldarovla müsahibə
Təsviri sənətin ən qədim və təsirli sahələrindən biri olan heykəltəraşlıq tarix boyu cəmiyyətlərin yaddaşını, estetik dünyagörüşünü və mədəni kimliyini formalaşdıran əsas vasitələrdən biri kimi çıxış edib.
Rəssamlıqla yanaşı, heykəltəraşlıq da insanın daxili aləmini, düşüncələrini və ideyalarını maddi formaya çevirərək onu vizual və fiziki şəkildə ifadə etməyə imkan verir.
Xüsusilə, ictimai məkanlarda ucaldılan heykəllər yalnız bədii nümunə deyil, həm də milli yaddaşın, tarixi şəxsiyyətlərin və dəyərlərin simvoluna çevrilir.
Məhz bu baxımdan, Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Ömər Eldarov ilə keçirilən bu müsahibə sənətin bu sahəsinin mahiyyətini daha dərindən anlamağa imkan yaradır.
Sənətkar yaradıcılıq prosesi, incəsənətin cəmiyyətdəki rolu və müasir dövrdə ona olan münasibət barədə fikirlərini bölüşərək, heykəltəraşlığın təkcə peşə deyil, həm də həyat tərzi olduğunu ön plana çıxarır.
Heykəltaraş, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarov Crossmedia.az-a müsahibə verib:
– Heykəltəraşlıqda sizi fərqləndirən üslub nədir?
– Mənə görə istənilən yaradıcılığın əsasında səmimiyyət dayanır. Əgər sən etdiyin işə ürəkdən yanaşmırsansa, o əsər nə qədər texniki baxımdan güclü olsa da, tamaşaçıya keçmir.
Amma səmimiyyət olanda, sən özünü işində görürsən və bu da əsərə canlılıq verir. Mənim üslubumu fərqləndirən də məhz bu daxili səmimiyyət və düşüncəni forma vasitəsilə ifadə etmək cəhdidir. Yaradıcılıqda güc məhz buradan gəlir.
– Ən sevdiyiniz əsəriniz hansıdır və niyə?
– Mənim üçün ən doğma işlərdən biri ilk monumental əsərim – Natəvanın heykəlidir. Bu, mənim şəhər mühitində ilk böyük addımım idi. O zaman bütün bacarığımı, hisslərimi və düşüncələrimi bu əsərə yönəltdim. Bu iş mənim üçün sadəcə heykəl deyil, həm də yaradıcılıq yolumun başlanğıc nöqtəsidir. Ona görə də xüsusi yer tutur.
– Sizcə, heykəltəraşlıq cəmiyyətdə hansı rolu oynayır?
– Ümumiyyətlə, incəsənətin hər sahəsi cəmiyyətə təsir edir, amma heykəltəraşlıq daha vizual və davamlı təsir gücünə malikdir. Heykəl şəhərin yaddaşıdır, insanların düşüncəsini formalaşdırır, onlara tarix və kimlik hissi verir. Bir heykəl bəzən uzun illər boyu cəmiyyətin estetik zövqünü və baxışını istiqamətləndirə bilir.
– Gənc heykəltəraşlara nə tövsiyə edərdiniz?
– Əgər bu sahəni seçmisənsə, deməli məsuliyyət də götürmüsən. Sadəcə yaratmaq kifayət deyil, öz üzərində işləmək, daim inkişaf etmək lazımdır. Gərək insan bütün bacarıqlarını, potensialını işinə qoysun. Yarımçıq yanaşma ilə incəsənətdə uğur qazanmaq mümkün deyil. Ən əsas məsələ zəhmət və özünə qarşı tələbkarlıqdır.
– Müasir incəsənətdə hansı tendensiyaları diqqətlə izləyirsiniz?
– Müasir və ya klassik olmasından asılı olmayaraq, mənim üçün əsas məsələ əsərin məzmunudur. Forma dəyişə bilər, texnika yenilənə bilər, amma məzmun yoxdursa, əsərin dəyəri azalır. Mən daha çox məhz bu istiqamətə – ideyanın gücünə diqqət yetirirəm. Çünki incəsənəti yaşadan məhz düşüncədir.
– Azərbaycan incəsənətinin gələcəyini necə görürsünüz?
– Gələcək birbaşa məzmunla bağlıdır. Əgər yaradıcılıqda dərinlik və geniş düşüncə olarsa, maraq da, inkişaf da olacaq. Azərbaycan incəsənəti potensial baxımından zəngindir. Sadəcə bu potensialın düzgün istiqamətdə inkişaf etməsi üçün məzmunlu işlərə üstünlük verilməlidir.
– Hazırda üzərində çalışdığınız yeni əsəriniz varmı?
– Emalatxanamın şəraiti də uyğun deyil, soyuq olduğuna görə ora gedə bilmirəm. Maydan başlayaraq davam edəcəm. Amma yaradıcılıq düşüncə səviyyəsində davam edir – insan işləməsə belə, fikirləşməkdən qalmır.
Məlumdur ki, kifayət qədər çox əsərlər yaratmısınız. Heykəltaraşlıq sizin üçün bir peşədir, yoxsa həyat tərzidir?
Həyat tərzi deyəndə, əlbəttə ki, bu mənim peşəmdir, işimdir. Amma mən hələ 6 yaşından qərar vermişdim ki, heykəltəraş olum. Yəni sevdiyim üçün bu həm də həyat tərzinə çevrilib.
- Bir heykəlin yaranma prosesi sizin üçün nə qədər çətindir?
- Bu, heykəldən heykələ dəyişir. Bəzən tez alınır, bəzən isə çox vaxt aparır. Amma ümumilikdə bu proses zəhmətlidir və hazırlıq mərhələsi də işin əsas hissəsidir.
- Elə bir əsər olurmu ki, deyəsiniz bu artıq tam bitib, yoxsa hər bir əsər bir az yarımçıq qalır?
- Biz çalışırıq ki, əsər tam bitmiş olsun. Yəni məqsədimiz odur ki, işi mümkün qədər tamamlanmış şəkildə təqdim edək.
- Sizcə, bu gün müasir insan incəsənəti kifayət qədər anlayır və ona dəyər verirmi?
- Mənə elə gəlir ki, bizim millətdə istedadlı uşaqlar çoxdur, xüsusilə rəssamlıq sahəsində. Amma hazırda sifarişlər azdır. Heykəltəraşlıq elə sahədir ki, sifariş olmalıdır. Buna baxmayaraq, insanlar – istər rəssam olmayanlar, istər başqa peşə sahibləri, məsələn həkimlər – incəsənətə maraq göstərirlər və dəyər verirlər.
- İnsanların incəsənətə münasibətində bunu necə görürsünüz?
Cəmiyyətdə sənətə sevgi və həssaslıq var. Amma bəzən olur ki, parkda gəzəndə görürəm ki, uşaqlar heykəllərin yanında ehtiyatsız davrananırlar. Mən buna tez etiraz edirəm. Çünki, bu bizim milli dəyərimizdir.
Sizcə, incəsənət insanları öz arxasınca aparmalıdır, yoxsa insanlar incəsənəti?
İncəsənət insanları öz ardınca aparmalıdır.
- Bəs sizcə, bu gün belədir? İncəsənət insanları arxasınca apara bilir?
Gərək belə olsun. Amma demək çətindir ki, bu gün tam şəkildə belədir. Yenə də ümid edirik ki, incəsənət insanları arxasınca aparacaq.
Ayhan
16:40 15.04.2026
Oxunuş sayı: 1759