Uşaqlar üçün ölüm tələsi - su kanalları niyə qorunmur?
Tərtərdə baş verən növbəti faciə – 7 yaşlı bir qızın kanala düşərək həyatını itirməsi cəmiyyətdə ciddi narahatlıq doğurub və təhlükəsizlik məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb olub.
Bu cür hadisələr bir daha göstərir ki, yaşayış məntəqələrinə yaxın su kanalları, arxlar və digər açıq su hövzələri xüsusilə, azyaşlılar üçün böyük risk mənbəyidir.
Hadisə təkcə bir ailənin faciəsi deyil, ümumilikdə cəmiyyət üçün ciddi xəbərdarlıqdır. Uşaqların təbii marağı və təhlükəni tam dərk etməməsi onları belə riskli ərazilərə daha həssas edir. Bu isə həm dövlət qurumlarının, həm də valideynlərin üzərinə böyük məsuliyyət qoyur.
Bəs belə faciələrin qarşısını almaq üçün hansı konkret təhlükəsizlik tədbirləri görülməlidir və uşaqları bu cür risklərdən necə effektiv qorumaq olar?
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev Crossmedia.az-a açıqlama verib:

"Tərtərdə baş verən bu faciə sadəcə bir ailənin deyil, bütövlükdə cəmiyyətimizin yarasıdır və bu bizə bir daha xatırladır ki, su hövzələri, kanallar və arxlar ətrafında təhlükəsizlik məsələlərinə yanaşmamız kökündən dəyişməlidir.
Biz mütləq şəkildə yaşayış məntəqələrinin yaxınlığından keçən və təhlükə potensialı olan bütün su obyektlərini fiziki maneələrlə — xüsusilə torlar, dəmir çəpərlər və qoruyucu sədlərlə əhatə etməliyik. Çünki uşaqların maraq dairəsi genişdir və onlar təhlükəni hər zaman düzgün dərk etmirlər".
Ekspert əlavə edib ki, bizim vəzifəmiz isə onların həmin təhlükəli zonalara girişini fiziki olaraq məhdudlaşdırmaqdır:
"Bununla yanaşı, yerli bələdiyyələr və icra strukturları tərəfindən bu ərazilərdə mütləq şəkildə aydın, xəbərdaredici nişanlar quraşdırılmalı və ərazilərin işıqlandırılması təmin olunmalıdır. Lakin bütün bu texniki tədbirlər valideyn nəzarətini əvəz edə bilməz.
Valideynlər özləri də bu təhlükəni ən yüksək səviyyədə dərk etməli, azyaşlı övladlarının su kanalları və hövzələrinin ətrafında nəzarətsiz oynamasına qətiyyən şərait yaratmamalıdırlar.
Faciə baş verdikdən sonra günahkar axtarmaq əvəzinə, indidən təhlükəli zonaları müəyyən edib onları təcrid etmək və uşaqları bu riskli ərazilərdən uzaqlaşdırmaq vacibdir ki, belə faciələr və bədbəxt hadisələr bir daha təkrarlanmasın".
Ayhan
11:10 14.04.2026
Oxunuş sayı: 489