Sosial şəbəkələrə yaş limiti - uşaqlar necə qorunacaq?
Dünya ölkələrində uşaqların rəqəmsal mühitdə qorunması istiqamətində atılan addımlar fonunda Türkiyədə də mühüm təşəbbüs gündəmə gəlib.
Parlamentdə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsinə başlanılıb.
Belə ki, bu addım uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, rəqəmsal platformaların məsuliyyətini də artıracaq.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən təhsil eksperti Rəşad Qardaşov sosial şəbəkələr və internet resurslarından istifadənin müasir dövrün tələbi olduğunu bir daha xatırladıb:

"Biz bu tələbdən yaxamızı kənara çəkə bilmərik. Dövr onu tələb edir ki, bunlar geniş şəkildə həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilsin. Doğru olan birdir, amma doğrular hər zaman fərqli izah oluna bilər.
Onu kim necə öz maraqlarına uyğun interpretasiya edəcək – məsələyə bu cür yanaşmaq lazımdır. Bu gün internet resurslarından istifadə bizim həyatımızı zənginləşdirməlidir. Biz buna çalışmalıyıq ki, o bizə düşmən olmamalıdır.
Əgər əlimizdə olan imkanlardan istifadə edərək sosial şəbəkələrdə yayılan resurslardan, orada yayılan oyunlardan, tədrisdənkənar fikirlərdən və layihələrdən düzgün yararlansaq, onları özümüzə uyğunlaşdıra və öz xeyrimizə istifadə edə bilərik. Bu isə bizə fayda gətirər. Lakin biz ona aludə olsaq, bu zaman onun əsirinə çevrilər və ondan xeyir yox, zərər görərik".
Ekspert təəssüflə qeyd edib ki, məktəblilərin bu sahələrdə atdıqları addımlar çox ziyanlı və yad istiqamətlərə yönəlmiş hərəkətlərdir:
"Bunları düzgün koordinasiya etmək və onlardan düzgün şəkildə yararlanmaq üçün fərdi yanaşmaya önəm vermək lazımdır. Ailələrdə fərdi yanaşma olsa da, bəziləri çox konservativ, bəziləri isə çox mühafizəkardır. Bu da müəyyən mənada başa düşüləndir. Lakin uşaq təfəkkürü hər bir halda uşaq təfəkkürüdür. Biz ona çox qadağalar qoysaq, o daha çox istəyəcəkdir.
Qadağa qoyulmalıdırmı? Bu, bir qədər çətin və düşündürücü sualdır".
R.Qardaşovun qənaətincə, müəyyən məhdudiyyətlər qoyulmalıdır. Bunu qadağa da adlandırmaq olar, lakin daha çox məhdudiyyət demək doğru olar:
"Müəyyən yaş həddindən sonra istifadəçilərin sosial şəbəkələrdən istifadəsi, paylaşımlar etməsi və münasibət bildirməsi tam qadağan edilməməli, lakin müəyyən çərçivəyə salınmalıdır. Çünki tam qadağa başqa fəsadlara gətirib çıxara bilər.
Amma bir insan, duyarlı vətəndaş kimi deyirəm ki, bu işin lehinəyəm. Ata kimi tərəfdarıyam ki, şagirdlərin bu tip sosial şəbəkələrdə və layihələrdə nəzarətsiz şəkildə iştirakının qarşısı alınsın.
Təbii ki, uşaq həm də əylənməlidir, həyatı doyunca yaşamalıdır. Müəyyən səhvlər də edə bilər – bu normaldır. Böyüklər onların səhvlərini düzəltməlidir. Müəyyən zərərli vərdişləri ola bilər, lakin vaxtında onları bu vərdişlərdən uzaqlaşdırmaq lazımdır.
Lakin bu zərərli vərdiş artıq cəmiyyət üçün təhlükə mənbəyinə çevrilərsə, onun qarşısı vaxtında alınmalıdır.
Ona görə də, məktəblilərin bu tip layihələrdə və sosial şəbəkələrdə nəzarətsiz iştirakı, zərərli oyunlara və əyləncələrə qoşulması yol verilməzdir.
Digər tərəfdən, başqa əyləncə formaları da mövcuddur. Bu məsələ cəmiyyətin ümumi problemidir. Sosial şəbəkələr cəmiyyətin bir parçasıdır və biz onları yalnız düzgün niyyətlər üçün istifadə etməyi bacarmalıyıq".
Fatimə Məmmədova
14:00 13.04.2026
Oxunuş sayı: 61