Azərbaycan ilə Özbəkistan arasında olan əlaqələr tarixi köklərə söykənir - Müsahibə
Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Tarixi, mədəni və dil baxımından ortaq köklərə malik olan bu iki ölkə arasında əməkdaşlıq yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, eyni zamanda humanitar və elmi istiqamətlərdə də dinamik inkişaf edir. Xüsusilə dil və mədəniyyət sahəsində həyata keçirilən birgə təşəbbüslər xalqlar arasında mənəvi yaxınlığı daha da möhkəmləndirir.
Müasir dövrdə qloballaşma proseslərinin sürətlənməsi milli kimliyin qorunması məsələsini daha da актуallaşdırır. Bu baxımdan Azərbaycan və Özbəkistanın həyata keçirdiyi dil siyasəti, təhsil proqramları və mədəni layihələr yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə türk dünyasında inteqrasiyanın dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı tələbə mübadiləsi, ortaq akademik platformalar və elmi əməkdaşlıq bu istiqamətdə əsas alətlər kimi çıxış edir.
Eyni zamanda, iki ölkənin ali siyasi rəhbərliyi arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətləri əməkdaşlığın bütün sahələrinə müsbət təsir göstərir. Bu siyasi iradə nəticəsində humanitar sahədə əlaqələr daha sistemli xarakter alır, yeni təşəbbüslər irəli sürülür və uzunmüddətli inkişaf perspektivləri formalaşır. Belə bir şəraitdə Azərbaycan–Özbəkistan münasibətləri region üçün nümunəvi əməkdaşlıq modeli kimi diqqət çəkir.
Məsələ ilə bağlı Özbəkistan Dil Komissiyasının sədri, Özbəkistan Dili və Ədəbiyyatı Universitetinin prorektoru İnomcon Əzimov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
— Azərbaycan–Özbəkistan münasibətləri kontekstində dil və mədəniyyət sahəsində əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz və bu istiqamətdə gələcək prioritetlər nələrdir?
— Azərbaycan və Özbəkistan xalqları arasında əlaqələr tarixi köklərə söykənir və bu münasibətlər xüsusilə dil və mədəniyyət sahəsində özünü daha aydın şəkildə göstərir. Hər iki xalq türk dilləri ailəsinə mənsub olmaqla ortaq tarixi, ədəbi və mədəni irsə sahibdir. Hələ XX əsrin əvvəllərində cədidçilik hərəkatı çərçivəsində həm Azərbaycanda, həm də Özbəkistanda maarifçilik ideyaları geniş yayılmış, yeni məktəblərin yaradılması və milli özünüdərkin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu proseslər iki xalq arasında mənəvi körpülərin formalaşmasına zəmin yaratmışdır.
Müstəqillik dövründə isə bu əlaqələr daha da möhkəmlənmiş, qarşılıqlı mədəni tədbirlər, ədəbiyyat günləri, eləcə də ortaq layihələr vasitəsilə əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur. Gələcəkdə əsas prioritetlərdən biri ortaq mədəni irsin qorunması, dil sahəsində elmi əməkdaşlığın genişləndirilməsi və türk dünyası çərçivəsində inteqrasiyanın dərinləşdirilməsi olmalıdır.
— Təhsil sahəsində əlaqələrə toxunaraq, iki ölkə arasında dilin tədrisi, tələbə mübadiləsi və ortaq akademik proqramların inkişafı üçün hansı yeni təşəbbüslər nəzərdə tutulur?
— Təhsil sahəsində Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə genişlənmişdir. Hər iki ölkənin ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi proqramları həyata keçirilir, birgə elmi konfranslar və layihələr təşkil olunur. Dilin tədrisi istiqamətində isə qarşılıqlı maraq artmaqdadır və bu sahədə yeni proqramların hazırlanması nəzərdə tutulur.
Xüsusilə gənclər arasında əlaqələrin gücləndirilməsi diqqət mərkəzindədir. Azərbaycanlı tələbələrin Özbəkistanda, özbək tələbələrin isə Azərbaycanda təhsil alması xalqlar arasında qarşılıqlı anlaşmanı daha da möhkəmləndirir. Gələcəkdə ortaq təhsil proqramlarının yaradılması, ikili diplom layihələrinin tətbiqi və elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi əsas hədəflər sırasındadır.
— İlham Əliyev və Şavkat Mirziyoyev arasında formalaşan strateji tərəfdaşlıq dil siyasəti və humanitar sahədə əməkdaşlığa necə təsir göstərir?
— İki ölkə prezidentləri arasında formalaşmış dostluq və qardaşlıq münasibətləri Azərbaycan–Özbəkistan əlaqələrinin inkişafında həlledici rol oynayır. Bu yüksək səviyyəli siyasi dialoq humanitar sahəyə də birbaşa təsir göstərir və əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsinə təkan verir.
Prezidentlərin qarşılıqlı səfərləri, birgə layihələrə verilən dəstək və siyasi iradə nəticəsində təhsil, mədəniyyət və dil sahələrində əməkdaşlıq daha sistemli xarakter almışdır. Bu münasibətlər yalnız iki ölkə arasında deyil, ümumilikdə türk dünyasında inteqrasiyanın güclənməsinə də xidmət edir.
— Qloballaşma şəraitində milli dillərin qorunması və inkişafı məsələsi daha da aktuallaşır. Bu baxımdan, Özbəkistanda dövlət dilinin mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə nə deyə bilərsiniz?
— Qloballaşma dövründə milli dillərin qorunması və inkişafı hər bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Özbəkistanda dövlət dilinin mövqeyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Dil siyasəti milli kimliyin qorunması ilə yanaşı, müasir tələblərə uyğun inkişafı da nəzərdə tutur.
Bu çərçivədə təhsil sistemində ana dilinin tədrisinə xüsusi diqqət yetirilir, normativ baza təkmilləşdirilir və dilin ictimai həyatda istifadəsi genişləndirilir. Eyni zamanda, digər türk dilləri ilə qarşılıqlı əlaqələrin inkişafı da prioritet istiqamətlərdən biridir ki, bu da ümumi mədəni və dil birliyinin möhkəmlənməsinə xidmət edir.
Elmir Heydərli
18:41 08.04.2026
Oxunuş sayı: 61