Aprel döyüşlərinin on ili tamam olur: Bilinməyənlər açıqlandı
Azərbaycanın müasir hərb tarixində xüsusi yer tutan Aprel döyüşləri xalqımızın sarsılmaz iradəsinin və ordumuzun gücünün parlaq təcəssümünə çevrildi. 2016-cı ilin aprelində baş verən bu qısa, lakin həlledici döyüşlər illərlə davam edən işğal reallığını sarsıdaraq göstərdi ki, Azərbaycan artıq yalnız müdafiə mövqeyində deyil, öz torpaqlarını azad etməyə qadir güclü dövlət kimi tarix səhnəsinə çıxıb. Bu zəfər həm hərbi, həm də mənəvi baxımdan milli özünəinamın bərpasında mühüm rol oynadı.
Azərbaycan Silahlı Qüvvələri Aprel döyüşlərində nümayiş etdirdiyi peşəkarlıq, yüksək döyüş ruhu və texnoloji üstünlük sayəsində düşmənə ciddi zərbə vuraraq strateji əhəmiyyətli mövqeləri nəzarətə götürdü. Bu qələbə yalnız cəbhə xəttində əldə olunan uğur deyildi, eyni zamanda xalq-ordu birliyinin möhkəmliyini sübut edən və gələcək böyük zəfərlərin təməlini qoyan tarixi hadisə kimi yadda qaldı.

Şanlı zəfərlə bağlı həmçinin Milli Məclisin deputatı Naqif Həmzəyev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycan Respublikasının müstəqillik tarixində şərəfli bir səhifə kimi yazılmış Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 5-dək davam edən əks hücum əməliyyatıdır. Dörd günlük müharibə kimi də tanınan bu döyüşlər 1994-cü il Atəşkəs Sazişindən bəri bölgədə baş vermiş ən şiddətli hərbi qarşıdurma olmuşdur. Azərbaycan ordusu illərlə davam edən işğala qarşı güclü əks-həmlə həyata keçirərək düşməni ağır məğlubiyyətə uğratdı. Aprel qələbəsi bütün dünyaya Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini və xalqımızın yenilməz ruhunu nümayiş etdirdi, həmçinin 2020-ci il Vətən müharibəsindəki tarixi zəfərin əsasını qoydu. Mart ayından etibarən Ermənistan Silahlı Qüvvələri cəbhə boyu yaşayış məntəqələrini atəşə tutmağa başlamışdı. 1-dən 2-nə keçən gecə isə düşmən bütün mövqelərimizi eyni zamanda intensiv atəşə tutdu. Nəticədə 2 nəfər şəhid oldu, 10 nəfər müxtəlif dərəcəli yaralandı. Ermənistanın hər dəfə cəbhədə təxribat törətməsinin məqsədi yalnız bölgəni gərginləşdirmək yox, həm də ölkədəki ictimai-siyasi böhrandan diqqəti yayındırmaq idi".
O, xatırladıb ki, döyüşlər əsasən 257 kilometr uzunluğunda cəbhə xətti boyunca aparıldı: "Ağdərə, Tərtər, Ağdam və Xocavənd istiqamətləri ən gərgin döyüş zonaları oldu. Təxribatlara cavab olaraq Azərbaycan ordusu sürətli əks-hücum əməliyyatına başladı. Artileriya qurğuları, pilotsuz uçuş aparatları və digər hərbi vasitələrin əlaqəli tətbiqi nəticəsində düşmənə ciddi zərbələr endirildi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Dərətəpə yüksəkliyi və Çocuq Mərcanlı kəndi, Göranboy rayonunun Gülüstan kəndi istiqamətindəki mövqelər, eləcə də Ağdərə-Madaqiz istiqamətindəki yollar tam nəzarətə alındı. Nəticədə Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 2000 hektardan çox işğal altında olan əraziləri azad edildi. Düşmənin itkiləri ağır oldu: 30 tank, 15-dən çox artileriya qurğusu məhv edildi, 320 hərbiçi öldürüldü, 500-dən çoxu yaralandı. Bu döyüşlər nəticəsində illərlə “məğlubedilməz” kimi təqdim olunan Ermənistan ordusu ciddi şəkildə zəiflədildi. Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatlar beynəlxalq hüquq çərçivəsində öz ərazilərimizdə aparılmışdı ki, bu da hüquqi baxımdan mühüm əhəmiyyət kəsb edir. Aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan tərəfinin razılığı və beynəlxalq müşahidəçilərin iştirakı ilə qarşılıqlı atəşkəs elan edildi. Bu addım Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi. Döyüşlərdən sonra may ayında hər iki ölkənin prezidentləri və xarici işlər nazirləri iştirakilə Vyanada görüş keçirildi, 2020-ci ildə isə Rusiya prezidentinin iştirakı ilə Sankt-Peterburqda üçtərəfli danışıqlar aparıldı. Aprel döyüşləri nəticəsində əldə olunan strateji yüksəkliklər və mövqelər, xüsusilə Lələtəpə və Çocuq Mərcanlı kəndi, gələcək əməliyyatlar üçün mühüm əhəmiyyət kəsb etdi. Çocuq Mərcanlı kəndində əhalinin təhlükəsiz yaşaması təmin edildi, 23 illik sürgündən sonra sakinlərin öz torpaqlarına qayıtması “Böyük Qayıdış” kimi tarixə yazıldı. Bu döyüşlər beynəlxalq ictimaiyyətin diqqətini bölgəyə çəkdi və bir sıra dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etdilər. Aprel döyüşləri yalnız hərbi uğur deyil, həm də xalqımızın birliyini və qəhrəmanlıq ruhunu gücləndirən milli qürur salnaməsidir. Bu zəfər 2020-ci il Vətən müharibəsindəki tarixi qələbənin başlanğıcı oldu və Qarabağın Azərbaycan torpağı olaraq geri qaytarılmasının ideoloji, strateji və mənəvi təməlini qoydu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Qarabağ Azərbaycandır! ".

Məsələ ilə bağlı hərbi ekspert Heydər Mirzə də öz fikirlərini bölüşüb: "Aprel döyüşləri bir növ başlanğıc idi, lakin əslində bundan daha böyük məna və əhəmiyyət daşıyırdı. 2018-ci ildən etibarən ictimai fəaliyyət sahəsində çalışdığım dövrdə aprel döyüşlərinin geniş və ardıcıl təhlillərini aparmışıq. Həmin analizlərə əsaslanaraq tam əminliklə deyə bilərəm ki, əgər 2016-cı ilin aprel döyüşləri zamanı azad edilən və nəzarətə götürülən strateji yüksəkliklər olmasaydı, 44 günlük Vətən müharibəsinin ilk günlərində baş verən döyüşlərin nəticəsi tamamilə fərqli ola bilərdi. Bu halda daha böyük itkilərlə üzləşə bilərdik və ümumilikdə müharibənin taleyi sual altında qala bilərdi. Xüsusilə Talış və Lələtəpə istiqamətlərində ələ keçirilən mövqelər əməliyyat baxımından mühüm üstünlüklər yaratdı. Lələtəpə istiqamətindən düşmənin operativ dərinliyinə, xüsusilə sol cinahına vizual nəzarət imkanı əldə olunmuşdu. Bu imkan olmasaydı, Cəbrayıl istiqamətində həyata keçirilən hücum əməliyyatlarında ciddi çətinliklərlə qarşılaşa bilərdik".
O qeyd edib ki, Talış istiqamətində əldə olunan mövqelər dərinlik baxımından böyük olmasa da - təxminən 2 kilometr civarında- onların yerləşdiyi məkan son dərəcə mühüm idi: "Bu yüksəkliklər elə bir nöqtədə yerləşirdi ki, düşmənin ön xətt dayaq məntəqələrinə ən qısa məsafədən birbaşa çıxış imkanı yaradırdı. 2016-cı ilin aprel döyüşlərindən əvvəl isə vəziyyət fərqli idi. Həmin istiqamətlərdə daha uzun məsafələr qət etmək lazım gəlirdi. Məsələn, ərazidə yerləşən İnci çayını keçmək, enmək və yenidən qalxmaq kimi fiziki çətinliklər mövcud idi. Təsəvvür edin ki, xüsusi təyinatlı qüvvələr əvvəlcə çaya enir, sonra isə yenidən yüksələrək düşmənin müdafiə xəttinə daxil olmalı olurdu. Bu isə qaçılmaz olaraq daha böyük itkilərə səbəb ola bilərdi. Bütün bunlar operativ-taktiki baxımdan son dərəcə mühüm amillərdir. Qarabağ kimi nisbətən kiçik əməliyyat teatrında hər bir mövqenin əhəmiyyəti qat-qat artır. Çünki strateji imkanlar hər iki tərəf üçün əvvəlcədən müəyyən idi; əsas fərqi yaradan məhz operativ-taktiki üstünlüklər və relyefin düzgün qiymətləndirilməsi idi. 2016-cı ilin aprel döyüşlərində şəhid olan bütün qəhrəmanlarımızı dərin ehtiramla yad edirik. Əminliklə demək olar ki, 44 günlük Vətən müharibəsinin təməli məhz həmin döyüşlərdə qoyuldu. Hətta belə demək mümkündür ki, o müharibənin ilk dörd günü elə 2016-cı ilin aprelində yaşandı. Əgər həmin dövrdə strateji yük, səkliklər nəzarətə götürülməsəydi, 44 günlük müharibədə qazanılan qələbə ciddi suallar altında qala bilərdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Elmir Heydərli
16:10 01.04.2026
Oxunuş sayı: 61