31 mart soyqırımının qarşısını almaq olardı - Tarixçi
31 Mart Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan tarixində dərin iz buraxmış faciəli hadisələrin anıldığı mühüm bir gündür. Bu tarix xalqımızın yaddaşında yalnız hüzn və itkilərlə deyil, eyni zamanda milli həmrəyliyin, tarixi ədalətin və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması zərurətinin simvolu kimi yaşayır.
1918-ci ilin mart hadisələri zamanı azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar tariximizin ən ağrılı səhifələrindən birini təşkil edir. Bu faciənin xatırlanması, qurbanların ehtiramla yad edilməsi və həmin hadisələrin unudulmaması milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan, 31 Mart yalnız anım günü deyil, həm də tarixdən nəticə çıxarmaq, gələcək nəsillərdə vətənpərvərlik ruhunu gücləndirmək və milli kimliyi daha dərindən dərk etmək üçün bir fürsət kimi qiymətləndirilməlidir.

Məsələ ilə bağlı tarixçi alim Boran Əziz Crossmedia.az-la öz fikirlərini bölüşüb: "XX əsr Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri Mart soyqırımı ilə bağlıdır. Arxiv materiallarının və çap olunmuş elmi araşdırmaların müqayisəli-tənqidi təhlili göstərir ki, bu soyqırımın əsas təşkilatçısı bolşevik Rusiyası olmuşdur. Onların başlıca məqsədi Azərbaycanın istiqlal uğrunda mübarizəsinin qarşısını almaq və onu əvvəlki kimi Rusiyanın daxili quberniyalarından biri kimi saxlamaq idi. 1917-ci ilin aprel ayından, xüsusilə Bakıda keçirilmiş Qafqaz müsəlmanlarının qurultayından sonra bolşeviklərə aydın oldu ki, Azərbaycan xalqı artıq istiqlal yolunu seçmişdir. Xalqı bu yoldan döndərə bilməyən bolşevik hakimiyyəti yeganə çıxış yolunu onu amansız şəkildə cəzalandırmaqda gördü. Bu məqsədin həyata keçirilməsində onlara Türkmənçay müqaviləsindən sonra bölgəyə köçürülmüş ermənilər yardımçı oldular. Erməni millətçilərinin əsas məqsədi azərbaycanlıları Rusiyanın dəstəyi ilə məhv edərək onların torpaqlarına sahib çıxmaq və bu ərazilərdə öz dövlətlərini qurmaq idi. Bu soyqırımın qarşısını almaq mümkün idimi? Dövrün siyasi xadimləri, o cümlədən Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları qeyd edirdilər ki, bunun qarşısını almaq olardı. Lakin bunun üçün Azərbaycan xalqı öz istiqlal ideyasından və Rusiya istibdadından qurtulmaq uğrunda mübarizədən imtina etməli idi. Təbii ki, nə xalq, nə də onun iradəsini ifadə edən siyasi qüvvələr belə bir güzəştə getmək niyyətində deyildilər. Bəs niyə bu hadisələr “Mart soyqırımı” adlanır? Bəziləri hesab edir ki, bu faciə yalnız mart ayında baş vermişdir. Lakin bu fikir kökündən yanlışdır. Əslində, soyqırım 1917-ci ilin aprel ayından başlamış və Azərbaycan Xalq Cümhuriyyəti qurulana qədər davam etmişdir. Sadəcə olaraq, 1918-ci ilin mart ayının 30-u, 31-i və aprel ayının 1-də Bakı şəhərində daha geniş miqyas almış, minlərlə insanın qətlə yetirilməsi ilə yadda qalmışdır. Məhz buna görə də bu hadisələr tarixə “Mart soyqırımı” kimi daxil olmuşdur".
O bildirib ki, 1919-cu ilin mart ayında Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1917-ci ilin aprelindən Cümhuriyyətin qurulmasına qədər istiqlal və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş insanların xatirəsini əbədiləşdirmək məqsədilə xüsusi qərar qəbul etmişdir: "Bu qərara əsasən, mart ayının 31-i ümumxalq hüzn günü kimi təsbit edilmişdir. Həmin gün dövlət idarələri fəaliyyətini dayandırmış, mağazalar bağlanmış, Bakıda və digər şəhərlərdə xatirə mərasimləri keçirilmiş, şəhidlərin ruhuna Quran oxunmuş və ehsanlar verilmişdir. Həmçinin onların xatirəsini əbədiləşdirmək üçün abidə ucaldılması nəzərdə tutulmuşdu. Lakin 1920-ci ildə Azərbaycanın işğalı bu planların həyata keçirilməsinə imkan vermədi. Qeyd edək ki, 1918-ci ilin mart qırğınlarında həlak olanlar Bakıdakı Dağüstü park ərazisində, Çəmbərəkənddə dəfn edilmişdi. Sovet hakimiyyəti isə bu xatirəni silmək məqsədilə həmin qəbiristanlığı dağıtmış, ərazini park kimi yenidən qurmuş və onu “Dostluq parkı” adlandırmışdı. Bu addım sovet rejiminin tarixi yaddaşı silmək siyasətinin bariz nümunəsi idi. Mart soyqırımı təkcə Bakı ilə məhdudlaşmamışdır. Bu faciə Naxçıvan, Zəngəzur və digər bölgələrdə də baş vermişdir. Hətta hadisələr Cənubi Azərbaycana da yayılmış, Təbriz, Xoy, Səlmas və Urmiya kimi şəhərlərdə də oxşar qırğınlar törədilmişdir. Bu hadisələr xalq yaddaşında “Urmi faciəsi” kimi iz buraxmışdır. Bu soyqırımın əsas məqsədi Azərbaycan xalqına istiqlal ideyasını unutdurmaq, azadlıq uğrunda mübarizə aparanları qorxutmaq idi. Lakin əksinə, bu faciə milli azadlıq hərəkatını daha da gücləndirdi. Əgər bu hadisələrə qədər bəzi siyasi qüvvələr Rusiyanın federativ demokratik dövlətə çevriləcəyinə ümid edirdilərsə, artıq aydın oldu ki, xalqın xilası yalnız müstəqil dövlət qurmaqdan keçir. Nəticədə 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdi".
Tarixçinin fikrincə, müasir dövrdə Mart soyqırımının yad edilməsi xüsusi əhəmiyyət kəsb edir: "Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması bu hadisələrin tarixi yaddaşda daha dolğun şəkildə yaşadılmasına imkan yaradır. Müstəqillik dövründə Mart soyqırımının öyrənilməsi yeni mərhələyə qədəm qoymuşdur. 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı fərmandan sonra bu hadisələrə siyasi-hüquqi qiymət verilmiş, geniş tədqiqatlar aparılmışdır. Xarici arxivlərdən yeni materiallar əldə olunmuş, bu mövzu həm ölkə daxilində, həm də beynəlxalq miqyasda araşdırılmışdır. Bu gün Azərbaycan xalqı Mart soyqırımı qurbanlarını dərin ehtiramla yad edir, onların istiqlal uğrunda şəhid olduqlarını qürurla vurğulayır. 31 mart tarixi yaddaşımızda həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşayır".
Elmir Heydərli
12:49 30.03.2026
Oxunuş sayı: 61